Evlərə görə geri qaytarılan ƏDV açıqlandı
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda daşınmaz əmlak alışı zamanı geri qaytarılan ƏDV-nin həcmi açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən 1news.az-a məlumatına görə, cari ilin yanvar–iyun aylarında Azərbaycanda vətəndaşlara yaşayış və qeyri-yaşayış sahələrinin alınmasına görə ödənilmiş ƏDV-nin 17 milyon manatdan çox hissəsi geri qaytarılıb.
"Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.
2026-cı ilin yanvar-iyun ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 17 milyon 50,4 min manat təşkil edib",-deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, son illərdə Azərbaycanda "ƏDV geri al" mexanizmi istehlakçı hüquqlarının genişləndirilməsi və maliyyə dövriyyəsinin şəffaflığının təşviqi baxımından mühüm alətlərdən biri kimi çıxış edir.
Ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması daşınmaz əmlak alıcılarının maliyyə yükünü azaltmaqla yanaşı, əməliyyatların kölgə iqtisadiyyatından çıxarılmasına da töhfə verir.










