Yaponiyada dünyanın ən zəngin sualtı qızıl yatağı aşkar edilib
Yapon alimləri Tokiodan təxminən 350 kilometr cənubda yerləşən İzu adalar qrupundakı Hiqaşi-Aoqaşima sualtı kalderasında indiyədək qeydə alınmış ən yüksək qızıl konsentrasiyasını aşkar ediblər.
1news.az xəbər verir ki, Scientific Reports jurnalında dərc olunan araşdırmaya əsasən, sualtı vulkan kraterində yerləşən aktiv hidrotermal bacalar yüksək miqdarda qızılın əmələ gəlməsi üçün əlverişli şərait yaradır.
Şizuoka, Vaseda və Tokio universitetlərinin tədqiqatçıları robot qollar vasitəsilə topladıqları qaya nümunələrini ikincili ion kütlə spektrometriyası (SIMS) üsulu ilə analiz edərək adi gözlə görünməyən "görünməz qızıl" hissəciklərini aşkarlayıblar.
Araşdırma göstərib ki, qızıl nanohissəciklər şəklində "yalançı qızıl" kimi tanınan pirit mineralının daxilində toplanıb. Alimlərin fikrincə, bu ərazidəki pirit nümunələri hazırda dünyada ən yüksək qızıl konsentrasiyasına malikdir.
Mütəxəssislər bildirirlər ki, Hiqaşi-Aoqaşima kalderasının digər oxşar yataqlarla müqayisədə daha dayaz dərinlikdə yerləşməsi gələcəkdə onun sənaye baxımından istismarını daha cəlbedici edə bilər.
Bununla yanaşı, alimlər xəbərdarlıq edirlər ki, aktiv hidrotermal bacalar xərçəngkimilər, mərcanlar, ahtapotlar və digər nadir dəniz canlılarının yaşayış mühitidir. Bu səbəbdən belə ərazilərdə kommersiya məqsədli mədən işlərinin aparılması ekosistem üçün ciddi risk yarada bilər.
Hazırda dünyada fəaliyyət göstərən kommersiya məqsədli dərin dəniz qızıl mədəni yoxdur. Buna baxmayaraq, Yaponiya ekoloji narahatlıqlara rəğmən bu istiqamətdə elmi araşdırmalarını davam etdirir.














