Bakıda və İsmayıllıda qanunsuz ağac kəsildi – 36 min manatdan çox ziyan
Bakıda və İsmayıllıda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Xidmət əməkdaşlarının son bir həftə ərzində keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonu ərazisində qanunsuz ağac kəsilməsi halları müəyyən edilib.
Araşdırmalar nəticəsində Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində, Xətai rayonu Qədir Məmmədov küçəsi 54 ünvanında, eləcə də İsmayıllı rayonunun Sərdəhar və Qaraqaya kəndləri yaxınlığındakı ərazidə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 36 610 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Məlumata görə, hər üç fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.












