Deputat: Vergi yoxlamalarının azalması sahibkarlığın inkişafına xidmət edir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Vergi yoxlamalarının azalması sahibkarlığın inkişafına xidmət edir

Qafar Ağayev12:23 - Bu gün
Deputat: Vergi yoxlamalarının azalması sahibkarlığın inkişafına xidmət edir

"Vergi yoxlamalarının sayının azalması sahibkarlığın dəstəklənməsi, biznes üçün vaxta və xərclərə qənaət deməkdir".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin iclasında deyib.

O bildirib ki, ölkədə sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar öz müsbət nəticələrini verir.

"Hazırda Azərbaycanda aktiv fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 800 mindən çoxdur. Son illərdə vergi yoxlamalarının sayı 6 dəfə azaldılıb. İllik vergi yoxlamalarının sayı isə 29 faiz azalıb. Bu, sahibkarlığın dəstəklənməsi, biznes üçün vaxta və xərclərə qənaət edilməsi deməkdir. Qanunvericilikdə vergi yoxlamalarının aparılması ilə bağlı məhdudiyyət olmasa da, yoxlamaların sayı azalmaqda davam edir. Prezidentin tapşırıqlarına uyğun olaraq sahibkarlıq fəaliyyətinə müdaxilələr minimuma endirilib. Bu yanaşma biznes mühitinin daha da yaxşılaşmasına xidmət edir".

Deputat deyib ki, sahibkarlığın dəstəklənməsi ilə yanaşı, istehlakçıların hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması da əsas prioritetlərdəndir.

“Yoxlamaların sayının azalması istehlakçıların hüquqlarının pozulmasına və ya keyfiyyətsiz məhsulların bazara çıxarılmasına səbəb olmamalıdır. Bu gün müzakirə etdiyimiz 'Balıqçılıq haqqında' qanun layihəsi də məhz bu məqsədə xidmət edir. Qanun balıqçılıq sektorunun dövlət tərəfindən dəstəklənməsini və sahənin inkişafını nəzərdə tutur. Eyni zamanda qida təhlükəsizliyi sahəsində yeni standartların tətbiqinə imkan yaradacaq. İstehlak bazarında keyfiyyət normalarına nəzarət daha da gücləndiriləcək. Vergi sahəsində qəbul olunan son dəyişikliklər monitorinq mexanizmlərinin tətbiqini genişləndirəcək. Bunun nəticəsində gələcəkdə də vergi yoxlamalarının sayı azalacaq, sahibkarlığın inkişafı və istehlakçı hüquqlarının qorunması arasında balans təmin ediləcək".

 

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər