Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər? – NİİM açıqladı
Paytaxt yollarında yaranan süni nəqliyyat sıxlığının əsas səbəblərindən biri maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır.
Halbuki qüvvədə olan qanunvericilik müəyyən hallarda sürücülərə nəqliyyat vasitələrini yolun kənarına çəkməyə və hadisə yerini tərk etməyə imkan verir.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.
Onun sözlərinə görə, mövzunun aktuallığını son günlər qeydə alınan yol-nəqliyyat hadisələri də təsdiqləyir.
Bildirilib ki, ilk hadisədə sürücü yol şəraitini düzgün qiymətləndirmədiyi, sürət həddini düzgün seçmədiyi və ara məsafəsini saxlamadığı üçün qarşıda hərəkətdə olan avtomobilə çırpılıb. Maddi zərərlə nəticələnən qəza zamanı nəqliyyat vasitələrinin uzun müddət yolun hərəkət hissəsində saxlanılması həm əsas, həm də kəsişən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib və süni sıxlıq yaradıb. Nəticədə digər hərəkət iştirakçıları əlavə vaxt itiriblər.
Qeyd olunub ki, ikinci hadisədə isə yük avtomobilinin sürücüsü baş vermiş qəzadan sonra nəqliyyat vasitəsini vaxtında yolun hərəkət hissəsindən kənarlaşdırmayıb. Bu zaman arxadan gələn minik avtomobilinin sürücüsünün diqqətsizliyi ikinci yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Ö. Xıdırov vurğulayıb ki, bəzi sürücülər maddi zərərlə nəticələnən qəzalardan sonra avtomobilləri yolun kənarına çəkəcəkləri təqdirdə sığorta ödənişləri ilə bağlı problem yaşayacaqlarını düşünürlər. Halbuki qanunvericilik bu məsələyə aydınlıq gətirir və müəyyən şərtlər daxilində sürücülərə hadisə yerini tərk etməyə icazə verir.
O bildirib ki, "Yol hərəkəti haqqında" Qanun və İnzibati Xətalar Məcəlləsinə əsasən, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxsin müəyyən edilməsi ilə bağlı tərəflər arasında mübahisə olmadığı və hadisə nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmir.
Bununla yanaşı, Ö. Xıdırov sürücülərin qanunun digər tələblərini də unutmamalı olduqlarını diqqətə çatdırıb.
"Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı və ya yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə yolun hərəkət hissəsini boşaltmalıdır.
Qurum rəsmisi əlavə edib ki, istənilən yol-nəqliyyat hadisəsi baş verdikdə ilk növbədə hadisə barədə polisə məlumat verilməsi vacibdir.











