OpenAI: Təhlükəsizlik insidenti zamanı daha çox xidmət təsirlənib
ABŞ-ın süni intellekt şirkəti "OpenAI" bildirib ki, "Hugging Face" platformasının infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olan daxili sınaqlar zamanı digər xidmətlərdəki bəzi hesablar da təsirlənib.
1news.az xəbər verir ki, şirkətin rəsmi açıqlamasında qeyd olunub ki, süni intellekt modellərinin kibertəhlükəsizlik imkanlarını qiymətləndirmək məqsədilə keçirilən testlə bağlı aparılan araşdırmalar yeni nəticələr ortaya çıxarıb.
Bildirilib ki, araşdırmalar zamanı "Hugging Face"-dən başqa, adı açıqlanmayan digər xidmətlərdə yerləşən bəzi istifadəçi hesablarının da test prosesindən təsirləndiyi müəyyən edilib. Bununla belə, həmin xidmət təminatçılarında genişmiqyaslı təsirin və ya digər hesabların təhlükəsizliyinin pozulmasının aşkar edilmədiyi vurğulanıb.
Açıqlamaya əsasən, test zamanı istifadə olunan süni intellekt modelləri ictimaiyyət üçün açıq olan dörd fərqli xidmətə məxsus dörd hesabı müəyyən edərək onlardan istifadə edib.
Şirkət həmçinin insidentlə bağlı araşdırmalar çərçivəsində "Hugging Face" ilə əməkdaşlığın davam etdirildiyini bildirib.
Xatırladaq ki, "OpenAI" iyulun 21-də yaydığı açıqlamada daxili kibertəhlükəsizlik testi zamanı istifadə olunan süni intellekt modellərinin "Hugging Face" infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olduğunu açıqlamışdı.
Şirkət həmin vaxt bu hadisəni "ən qabaqcıl kibertəhlükəsizlik imkanlarını özündə ehtiva edən görünməmiş bir kiber insident" kimi qiymətləndirdiyini və buna uyğun tədbirlər gördüyünü bildirmişdi.











