Azərbaycana gələn turistlərin xərcləri 21 % azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 1 milyard 217 milyon 939,5 min manat xərcləyib.
1news.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 321 milyon 842 min manat və yaxud 21 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 6 ay ərzində nəqliyyata 554 milyon 424,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 22 % azdır.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 30,2 % azalaraq 222 milyon 117,9 min manat təşkil edib.
Turistlər qidalanmaya 225 milyon 961,6 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 19,5 % azdır.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 21,3 % azalaraq 7 milyon 126 min manat olub.
Yanvar-iyunda turizm zərfinin alınmasına isə 570,9 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 18,2 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 899,3 min manat (- 0,2 %), idman və əyləncə xidmətlərinə 9 milyon 244,6 min manat (+ 3,4 %), malların və hədiyyələrin alınmasına 149 milyon 233,3 min manat (- 1,7 %), digər istiqamətlərə isə 47 milyon 361 min manat (- 15,9 %) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 9,5 % azalaraq 381 milyon 852,4 min manat təşkil edib.
Türkiyədən gələn turistlərin xərcləri 151 milyon 788,9 min manat olub ki, bu da illik müqayisədə 8 % azdır. Qazaxıstandan səfər edənlərin xərcləri isə 5,4 % artaraq 66 milyon 106,9 min manata çatıb.
Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,1 %-i Rusiya, 21 %-i Türkiyə, 8,2 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Pakistan, 2,8 %-i Hindistan, 2,6 %-i İsrail, 2,4 %-i Çin, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,4 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 68,7 %-ni kişilər, 31,3 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 % artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 % artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 % azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 % azalaraq 480,1 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.












