Ceyhun Bayramov: ATƏT məkanında çox qeyri-sabit və təlatümlü təhlükəsizlik mühiti hökm sürür
“Geniş, təkbətək formatda, geniş tərkibli formatda keçirdiyimiz danışıqlar zamanı Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərini, İsveçrənin ATƏT sədrliyi prioritetlərini, onun mövcud vəziyyəti və perspektivləri, eyni zamanda Azərbaycan-ATƏT ikitərəfli gündəliyi, regionumuzda olan post-münaqişə vəziyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və bir sıra digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik”.
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Bu mənada ölkələrimiz arasında ikitərəfli münasibətlər kontekstində ölkələrimiz arasında siyasi dialoqun hər zaman dinamik saxlamaq, intensiv olması əhəmiyyəti bir daha vurğulandı. Gələn il biz ikitərəfli diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəyik və hesab edirik ki, bu dövrə nəzər salmaq, onun mövcud vəziyyəti və perspektivlərini müzakirə etmək üçün çox yaxşı imkan olacaqdır".
Nazir qeyd edib ki, iqtisadi sahədə əməkdaşlığımız barədə danışarkən aşağıdakıları qeyd etmək istərdim:
"İlkin olaraq iki ölkə arasında bu günlərdə mövcud olan hüquqi-normativ bazasına nəzər salanda mövcud olan 25 sənəd var. Eyni zamanda bir sıra sənədlər hal-hazırda işlənməkdədir və biz düşünürük ki, yaxın zamanlarda biz əlavə razılaşmaların şahidi olacağıq.
2025-ci il qarşılıqlı ticarət dövriyyəsi baxımından kifayət qədər müsbət olmuşdur. Ümumi ticarət dövriyyəsi 1.8 milyard ABŞ dollarına yaxın bir rəqəm civarında olmuşdur. Ümumiyyətlə, son 30 ili biz, 30 illik fəaliyyət dövrünə nəzər salsaq, İsveçrədən Azərbaycana 1.6 milyard, Azərbaycandan İsveçrə iqtisadiyyatına 2.3 milyard ABŞ dolları həcmində investisiyalar edilmişdir. Burada biz kifayət qədər balanslı yanaşmanı müşahidə edirik.
Hal-hazırda Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçibdir. Onların da 87-si fəal vəziyyətdədirlər. Və bu şirkətlər müxtəlif sahələri - sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrini əhatə edir.
İki ölkə arasında iqtisadi münasibətlərin, iqtisadi əməkdaşlığın genişləndirilməsi kontekstində danışarkən, birgə İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətini və onun önəmini qeyd etmək istərdim. Və bu ilin payız aylarında komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır. Eyni zamanda bu gün fikir mübadiləsi tərəfimizdən aparıldı ki, komissiya çərçivəsində və yaxud da ki, buna yaxın olan bir dövrdə biznes qurumlarını, özəl sektor nümayəndələrinin birgə Biznes Forumun keçirilməsi də faydalı hesab oluna bilər.
Enerji sahəsində əməkdaşlığımız barədə danışarkən, burada xüsusi olaraq uzun müddət ərzində SOCAR şirkətinin İsveçrədə uğurlu fəaliyyətini mən xüsusi olaraq vurğulamaq istərdim.
Bu ilin yanvar ayından başlayaraq İsveçrə, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri ölkəsidir və cənab nazir də fəaliyyətdə olan sədridir. Mən onu qeyd etmək istərdim ki, İsveçrənin ATƏT sədrliyi prioritetləri çox zəngindir və genişdir. Bura elə bir sahələr daxildir ki, məsəl üçün, elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə edilməsi, enerji təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik kimi sahələr prioritetlər sırasındadır ki, biz də bunları alqışlayırıq. Hesab edirik ki, bu sahələrdə ATƏT coğrafiyasında, ölkələri arasında olan əməkdaşlıq, bunların iqtisadi aktı, insanların həyat rifahının yaxşılaşdırılması üçün olduqca mühümdür və biz bu baxımdan dəstəyimizi ifadə etdik.
Bununla yanaşı, bir reallıq da ondan ibarətdir ki, hal-hazırda ATƏT məkanında çox qeyri-sabit və təlatümlü ümumi təhlükəsizlik mühiti hökm sürür. Və belə olan təqdirdə, təbii ki, həm ATƏT, həm biz ölkələrin hamısının çox fəal əməkdaşlığı, ATƏT potensialında olan bütün alətlərdən istifadə etmək və ölkələrin konsensus əsaslı və fəal əməkdaşlığı tələb olunur ki, ATƏT öz önəmini qoruyub saxlaya bilsin və bu münaqişələrin həllinə də töhfəsini verə bilsin. Öz tərəfimizdən bu prinsiplərə sadiqliyimizi Azərbaycan dövləti olaraq bir daha bildirdik və bu istiqamətdə də fəal iş aparmağa davamlı niyyətimizi bildirdik”.












