DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
Daxili İşlər Nazirliyi (DİN) onlayn alış-veriş zamanı kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
1news.az xəbər verir ki, nazirlik tərəfindən aparılan araşdırmalar və daxil olan müraciətlər zamanı kiberdələduzların saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif etdiyi müəyyənləşib.
Bildirilib ki, vətəndaşlardan ödəniş aldıqdan sonra dələduzlar onlarla əlaqəni kəsir, telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.
DİN vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamağı, tanımadıqları şəxslərdən məhsul sifariş etməməyi və xüsusilə əvvəlcədən ödəniş tələb edən təkliflərə qarşı diqqətli olmağı tövsiyə edib.
Həmçinin satıcı barədə məlumatların, əlaqə vasitələrinin və satış səhifəsinin həqiqiliyinin yoxlanılmasının vacib olduğu qeyd edilib.
Vətəndaşlara etibar etmədikləri səhifə və saytlara ödəniş etməmək, bank kartı məlumatlarını, CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmamaq tövsiyə olunub.
Kiberdələduzluqla qarşılaşan şəxslər DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.












