Taxıl biçinində ən yüksək nəticələr hansı rayonda qeydə alınıb? - STATİSTİKA
Azərbaycanda 2026-cı il üzrə taxıl biçini başa çatmaq üzrədir.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, avqustun 3-nə olan operativ məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər üzrə biçilməsi nəzərdə tutulan 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93 faizi biçilib.
Sahələrdən 3 milyon 131,9 min ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 33,9 sentner təşkil edib.
Toplanan məhsulun 1 milyon 534,8 min tonu buğdanın, 1 milyon 561,2 min tonu arpanın, 35,9 min tonu isə digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul yığımı 6,2 faiz artıb. Arpa üzrə artım 15,9 faiz, buğda üzrə isə 2,1 faiz azalma qeydə alınıb.
Buğda üzrə yığımın azalması bu tarixə biçilmiş sahənin ötən illə müqayisədə daha az olması ilə əlaqələndirilir. Belə ki, bu il 420,7 min hektar sahədə buğda biçilib, ötən il isə bu göstərici 466,9 min hektar olub. Bununla yanaşı, buğda üzrə məhsuldarlıq hər hektardan 33,6 sentnerdən 36,5 sentnerə yüksəlib.
Hazırda 13 şəhər və rayonda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib.
Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb.
Ən yüksək məhsuldarlıq isə Ağcabədi (45,5 sentner/ha), Tovuz (45,3 sentner/ha), Bərdə (45,2 sentner/ha) və Sabirabad (43,9 sentner/ha) rayonlarında qeydə alınıb.
Məlumatda göstəricilərin operativ olduğu və biçin prosesinin başa çatmaq üzrə olduğu bildirilib.













