Masazırda qalmaqal: görüntülər davanı Danimarka klubunun azarkeşlərinin başladıqlarını göstərir - FOTO - VİDEO
Avqustun 11-də Masazır qəsəbəsindəki Bank Respublika Arena stadionunun qarşısında «Sabah» və «Aarhus» futbol klublarının — UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşan komandaların — azarkeşləri arasında qarşıdurma baş verib.
1news.az-ın əvvəl xəbər verdiyi kimi, Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hadisə iştirakçıları saxlanılaraq istintaqa cəlb edilib, araşdırma davam edir.
Rəsmi məlumat bununla məhdudlaşır: nə maddə, nə də saxlanılanların sayı açıqlanmır. Halbuki 1news.az-ın tanış olduğu müşahidə kameralarının görüntüləri hadisələrin ardıcıllığı barədə daha dolğun təsəvvür yaradır.
Görüntülərdə stadiona qonaq klubun azarkeşlərini gətirən iki avtobusun yaxınlaşdığı görünür. Gələnlərin bir hissəsi — bəziləri belinə qədər soyunmuş halda — avtobusdan düşür və aralıda dayanmış «Sabah»ın gənc azarkeşləri qrupuna doğru irəliləyir. Zahiri görünüşə görə, bu qrupun xeyli hissəsi yeniyetmələrdir.
Gələnlər lap yaxına gəlib jestlər edir, o cümlədən təhqiredici jestlər göstərir və qarşı tərəfin ünvanına nəsə qışqırırlar. Şahidlərin sözlərinə görə, Danimarka klubu azarkeşlərinin bir hissəsi güclü sərxoş vəziyyətdə olub.
Bu təxrikdən sonra gənclər qrupu «Aarhus» azarkeşlərinə tərəf hərəkət edir, tərəflər arasında mübahisə başlayır və qısa toqquşmaya çevrilir. Görüntülərə əsasən kiminsə bədən xəsarəti alıb-almadığını və xəsarətin ağırlıq dərəcəsini müəyyən etmək mümkün deyil; polis bu barədə məlumat vermir.
Beləliklə, görüntülərə əsasən, ilk olaraq yaxınlaşan, söz və jestlərlə təxrikə başlayan məhz Danimarka klubunun azarkeşləri olub.
Ümid etmək qalır ki, araşdırma hərtərəfli aparılacaq və hüquqi qiymət hər iki tərəfin — yalnız cavab verənlərin deyil, qalmaqalı başlayanlarımən da — hərəkətlərinə veriləcək.
Müqayisə də yerinə düşür. Avropa təcrübəsində stadion ətrafında aqressiyaya görə saxlanılan qonaq azarkeşlər, bir qayda olaraq, ən sərt nəticələrlə üzləşirlər: məs. stadionlara buraxılış qadağası, sürətləndirilmiş məhkəmə prosedurları, deportasiya, UEFA-nın kluba qarşı intizam sanksiyaları. Əgər belə bir epizod xaricdə Azərbaycan azarkeşlərinin iştirakı ilə baş versəydi, araşdırmanın yalnız ev sahibi tərəflə məhdudlaşacağını təsəvvür etmək çətindir. Eyni prinsip — yalnız ev sahiblərinə deyil, qonaqlara da eyni tələbkarlıq — burada da faydalı olardı, o cümlədən gələcək qonaqlar üçün xəbərdarlıq kimi.
Xatırladaq ki, avqustun 11-də «Sabah» UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın «Aarhus» komandasını 4:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Material redaksiyanın videokamera görüntülərini əldə etməsindən sonra yenilənib.














