Rusiyalı ekspertlərin Azərbaycanla bağlı çağırışları: Belə davranışların qarşısı ən sərt formada alınmalıdır - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Rusiyalı ekspertlərin Azərbaycanla bağlı çağırışları: Belə davranışların qarşısı ən sərt formada alınmalıdır - ŞƏRH

Oksana Orucova10:55 - Bu gün
Rusiyalı ekspertlərin Azərbaycanla bağlı çağırışları: Belə davranışların qarşısı ən sərt formada alınmalıdır - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Rusiya vətəndaşları jurnalist İvan Knyazev, siyasi şərhçi Semyon Uralov və televiziya müxbiri,Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Aleksey Çadayev konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də terrorçuluğa açıq çağırışlarda ittiham olunaraq İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bəs görəsən bəzi rus rəsmilərinin, jurnalistlərin, ekspertlərin Azərbaycan əleyhinə çıxışlarının arxasında nələr dayanır? 

Mövzu ilə bağlı deputat Elçin Mirzəbəyli 1news.az-a açıqlama verib.

Deputat açıqlamasında bildirib ki, Azərbaycan mütəmadi olaraq rusiyalı deputatlar və ya ekspertlər tərəfindən buna bənzər hallarla üzləşir.

“Artıq uzun müddətdir ki, həm Rusiyanın rəsmi mediasında, həm də sosial şəbəkələrin rusdilli seqmentində Azərbaycana qarşı hibrid informasiya müharibəsinin elementləri nəzərə çarpır. Təbii ki, bunun təməlində dayanan çoxsaylı amillər var.

Bu amillərdən ən başlıcası Azərbaycanın müstəqil siyasət yürütməsi, ayrı-ayrı mərkəzlərin geosiyasi oyunlarında iştirak etməməsi və yalnız, istisnasız olaraq, milli maraqlardan çıxış etməsidir. Bu, ilk növbədə nəzərə çarpan elementdir.

Digər amil isə Azərbaycana qarşı sərgilənən davranışlara adekvat reaksiyaların verilməsi, dövlətimizin öz vətəndaşlarının hüquqlarının qorunması və milli maraqlarının müdafiəsi istiqamətində prinsipial və birmənalı mövqe nümayiş etdirməsidir. Görünür, bütün bunlar Rusiyanın bəzi dairələrini narahat edir.

Biz mütəmadi olaraq bəzi rusiyalı deputatlar, eləcə də ekspertlər tərəfindən tarixi faktların təhrif edilməsinin, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan fikirlərin səsləndirilməsinin şahidi oluruq. Son hadisə isə, ümumiyyətlə, cinayət tərkibli bir hadisədir. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Elçin Mirzəbəyli həmçinin qeyd edib ki, son illərdə Rusiya cəmiyyətində təkcə Azərbaycana qarşı  yox, bir sıra xalqlara qarşı millətçi münasibət göstərilir:

“Məsələnin hüquqi tərəfinə gəldikdə, təbii ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı hüquqi yardım haqqında müvafiq razılaşma mövcuddur. Eyni zamanda, bu sahədə MDB çərçivəsində də müvafiq razılaşmalar var. Şübhəsiz ki, hüquqi baxımdan Rusiya həmin şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməlidir.

Lakin bu, yeganə hadisə deyil. Bu cür hallar davamlı şəkildə özünü büruzə verir. Eyni zamanda, son illərdə Rusiya cəmiyyətində təkcə Azərbaycana münasibətdə deyil, ümumiyyətlə, bir çox xalqlara qarşı millətçi və ya başqa cür desək, ultranasionalist davranışların müşahidə olunduğunun şahidi oluruq.

Son videoda da Ukrayna xalqına münasibətdə təhqiramiz ifadələrin səsləndirildiyini gördük. Halbuki Rusiyanın özünün də Ukrayna əsilli vətəndaşlarının sayı kifayət qədərdir. Əslində, bu cür aqressiv mövqe federal və çoxmillətli dövlət olan Rusiyanın milli maraqlarına qətiyyən xidmət etməyən yanaşma kimi qiymətləndirilməlidir”.

Deputat həmçinin qeyd edib ki, Rusiyanın sərgilədiyi ultramillətçilik milyonlarla insan ölümünə və ciddi fəlakətlərə səbəb ola bilər:

“Ultramillətçiliyin hansı mərhələyə gəlib çatmasının nəticələrini bəşəriyyət çox yaxşı bilir. Biz faşizmə qarşı mübarizə prosesində də ultramillətçiliyin milyonlarla insanın ölümünə və böyük fəlakətlərə səbəb olduğunun şahidi olmuşuq.

Eyni tezislərlə çıxış edən, guya ultramillətçiliyə qarşı mövqe sərgiləyən Rusiyanın öz daxilində, eləcə də bütövlükdə informasiya siyasətində qatı millətçilik elementlərinin özünü büruzə verməsi, mənim qənaətimcə, bütövlükdə Rusiyanın yürütdüyü siyasətin mahiyyətini ortaya qoyan amil kimi də qiymətləndirilə bilər.

Bu davranışlar, təbii ki, nə sülhə, nə əmin-amanlığa, nə də xalqlar arasında münasibətlərin inkişafına və dostluğa xidmət edir. Belə davranışların qarşısı ən sərt formada alınmalı, günahkarlar cəzalandırılmalıdır.

Şübhə etmirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu günə qədər Azərbaycana qarşı dil uzadan, eyni zamanda xalqımızın qanına əli bulaşan şəxsləri məsuliyyətə cəlb etdiyi kimi, terror çağırışları və hədələrlə çıxış edən şəxslərin də məsuliyyətə cəlb olunması istiqamətində ciddi addımlar atacaq”.

Siyasi şərhçi Ülviyyə Zülfüqar da məsələ ilə bağlı öz fikirlərini bölüşərkən qeyd edib ki, insanları fiziki hədəfə çevirmək, zorakılıqdan danışmaq və terror çağırışları etmək yolverilməzdir:

“Son dövrdə bəzi rusiyalı ekspert və jurnalistlərin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər tənqid və ya siyasi polemika çərçivəsinə sığmayaraq açıq  terror çağırışlarına keçib. Bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı zorakı metodlardan danışmaq, ayrı-ayrı şəxslərin fiziki məhv edilməsini mümkün vasitə kimi təqdim etmək söz azadlığı və ya ekspert rəyi hesab oluna bilməz. Azərbaycan Baş Prokurorluğunun üç Rusiya vətəndaşı ilə bağlı başladığı hüquqi prosedur da məhz bu kontekstdə çox doğru addımdır.

Burada xüsusilə təəssüf doğuran məqam odur ki, belə çağırışlar jurnalist və ekspert statusu daşıyan şəxslər tərəfindən səsləndirilir. İnsanları fiziki hədəfə çevirmək, zorakılıqdan danışmaq və terror xarakterli çağırışların səsləndirilməsi yolverilməzdir. Üstəlik, belə ritorika iki ölkə arasında münasibətlərin həssas olduğu bir dövrdə cəmiyyətlər arasında qarşıdurmanı daha da dərinləşdirə və Azərbaycana qarşı əsassız düşmənçilik atmosferi formalaşdıra bilər”.

Şərhçi həmçinin əlavə edib ki, geniş auditoriyaya çıxışı olan jurnalist və ekspertlərin sözlərinin doğura biləcəyi nəticələri diqqətə almaq vacibdir:

“Dövlətin belə hallara hüquqi müstəvidə cavab verməsi suveren dövlətin özünü müdafiə etmək hüququdur. Terror və fiziki məhvetmə çağırışı söz deyil, təhlükədir.

Eyni zamanda, bu cür bəyanatları ayrı-ayrı şəxslərin emosional çıxışları kimi qeyd etmək də doğru olmazdı. Media məkanında davamlı şəkildə səsləndirilən radikal çağırışlar zorakılığı normallaşdırır, ictimai rəydə təhlükəli təsəvvürlər yaradır və real təhdidlər üçün zəmin formalaşdıra bilir. Xüsusilə geniş auditoriyaya çıxışı olan jurnalist və ekspertlərin sözlərinin doğura biləcəyi nəticələri nəzərə alması vacibdir”.

Son olaraq Ülviyyə Zülfüqar bildirib ki, peşəkar status heç kimə terroru, fiziki zorakılığı və digər dövlətlərə qarşı qanunsuz əməlləri təşviq etmək hüququ vermir.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər