Azərbaycan əleyhinə açıqlamalar verən Rusiya nəqliyyat nazirinin müşaviri istefa verdi
Azərbaycan əleyhinə açıqlamaları ilə tanınan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.
1news.az xəbər verir ki, Çadayev bu barədə özünün “Telegram” kanalında məlumat yayıb.
O, Rusiya nəqliyyat nazirinin müşaviri səlahiyyətlərinə xitam vermək qərarına gəldiyini bildirib.
Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq terrorizmə çağırışlarda ittiham olunan Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib.
Bunlar “Moskva 24” televiziya kanalının aparıcısı İvan Knyazev, politoloq Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevdir.
Baş Prokurorluğun məlumatına görə, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, milli ədavət və düşmənçiliyin qızışdırılması, həmçinin terrorizmə açıq çağırışlarla bağlı cinayət işi üzrə ibtidai istintaq aparılır.
Qeyd edək ki, avqustun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimovu çağırıb.
Görüş zamanı Rusiya mediasında Azərbaycan və ölkə rəhbərliyinə qarşı səsləndirilən son təxribatçı bəyanatlarla bağlı qarşı tərəfə qətiyyətli etiraz bildirilib.












