Sığınacaq, yoxsa zorakılıq ocağı? - “Sevgi Evi”ndə yaşananların pərdəarxası - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Mövqe

Sığınacaq, yoxsa zorakılıq ocağı? - “Sevgi Evi”ndə yaşananların pərdəarxası - FOTO - VİDEO

Ayşən Salehli10:35 - Bu gün
Sığınacaq, yoxsa zorakılıq ocağı? - “Sevgi Evi”ndə yaşananların pərdəarxası - FOTO - VİDEO

Fransız alim Louis Pasteurun uşaqlarla bağlı belə bir fikri var: “Bir uşağa yaxınlaşanda məndə iki hiss yaranır - onun indi kim olduğuna qarşı həssaslıq və kim ola biləcəyinə hörmət”.

Hind əsilli filosof və yazıçı Krişnamurti isə uşaqların təhsil və tərbiyəsində müəllimlərin rolundan bəhs edərək deyir: “Uşaqlığını unudan, uşaqları sevməyən müəllim nə uşaqlara təhsil verə, nə də kömək edə bilər”.

Bu aforizmlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının əsərlərində vurğuladığı mövqeyini xatırladır:

“Bizdə daima çocuqlarda oxudana qarşı dinməz bir itaət yaradılmasına, oxudanların oxuyanlarda kamil, yenilməz bir qüvvət görülməsinə, çocuqlarda müəllimə qarşı bir acizlik duyğusu vücuda gətirilməsinə, bir çox müəllimlərimizin təbirincə deyəcək olursaq, müəllimə qarşı çocuqda bir etimad yaradılmasına çalışır. Bu, doğru bir üsul deyildir: çocuğun mənliyi əzilməməli, onda bir mütəşəbbüslük yaradılmalı, hər şeyə qarşı bir arayıçılıq, bir şübhə, bir tənqid istedadı vücuda gətirilməlidir. Çocuq daima öz müəllimini bir rəqib kimi görməli, onda müəllimindən daha artıq bilmək, bilməyə çalışmaq həvəsi oyatmalıdır. Bu hal, bu qətiyyət oxuyanda ta çocuqluqdan tərbiyə edilməlidir”.

Müəllimlərin timsalında səslənən bu fikirlər bütün insanların uşaqlara davranışını, təlim-tərbiyə ocaqlarında və sığınacaqlarda azyaşlılara göstərilən diqqətin hansı mənəvi meyarlara söykənməli olduğunu növbəti dəfə diqqət mərkəzinə gətirir. Bu qəlibdən olan kəlamlar uşağın yalnız bu gününü deyil, onun sabahkı kimliyini də qorumağın zəruriliyini xatırladır. Bizə gerçəkləri xatırladan təkcə müdriklərin kəlamı deyil, həm də sosial şəbəkə və mətbuatda yayımlanan xəbərlərdir. Bilir və agah oluruq ki, uşaqlara tumar çəkməkdən özgə niyyətlə qalxan hər bir əlin yeganə yaraşığı dəmir qandallardır. Çünki çirkli zehinlərə xidmət edən həmin əllərin zərbəsi bizim gələcəyimizi, ən həssas və kövrək nayihəmizi - ürəyimizi hədəf alır.

Azyaşlılara qarşı edilən hər bir amansızlıq və qəddarlıq bütöv bir cəmiyyətin mənəvi sütunlarını silkələyən bağışlanmaz bir cinayətdir. Ona görə də sığınacaq adı altında zorakılıq ocağına çevrilən hər yer və onun məsul şəxsləri qanunun ən sərt üzü ilə üzləşməlidir.

Uşaq hüquqlarının tapdanmasının bariz nümunəsinə çevrilən, ictimaiyyətdə böyük ikrah doğuran “Sevgi Evi” sığınacağı və onun rəhbəri Könül Qasımovanın məsuliyyətə cəlb olunması ilə nəticələnən xronoloji hadisələr zənciri:

 

Hər şey necə başladı: Monitorinq zamanı aşkarlanan xəsarət izləri

Xeyriyyəçilik və qayğı adı altında fəaliyyət göstərən bu məkanda azyaşlılara qarşı törədilən amansızlıqlar addım-addım ifşa olunub. Hadisələrin hüquqi müstəvidə inkişafı 2022-ci ilin may ayından başladı. Müxtəlif dövlət qurumlarının iştirakı ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilən monitorinq zamanı azyaşlıların bədənində çoxsaylı xəsarət izləri aşkar olundu. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda dərhal araşdırmalara başlanıldı.

Prokurorluq araşdırması ilə müəyyən edildi ki, 2022-ci ilin fevral-may aylarında sığınacaqda saxlanılan 15 yaşlı C.M. müntəzəm olaraq fiziki və psixi zorakılığa məruz qalıb, günlərlə ac saxlanılıb, zirzəmiyə qapadılıb və digər uşaqlara edilən işgəncələrin şahidi olub. Həmçinin digər azyaşlıların da bədənində həmin dövrə aid xəsarət izləri rəsmən təsdiqini tapdı. Nəticədə Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə əzab vermə), 133.2.4-cü (köməksiz vəziyyətdə olan azyaşlıya əzab vermə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıldı. Həmin vaxt ona Sabunçu Rayon Məhkəməsinin hökmü ilə  2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi. Lakin təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq uşaq 14 yaşına çatana qədər ananın cəzasını çəkməsi təxirə salınıb.

 

Ananın dəhşətli etirafları və şahid ifadələri

Sığınacaqdan zərərçəkən 15 yaşlı qızın anası Xəyalə xanım mediaya keçmiş müsahibəsində sığınacaqda yaşanan mənəvi və fiziki dəhşətlərdən bəhs etmişdi. Onun sözlərinə görə, övladı evdən küsüb getdikdən sonra polis tərəfindən bu sığınacağa yerləşdirilib. Lakin K.Qasımova ananın dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, qızı ilə görüşməyə icazə verməyib və yeniyetməni mənəvi işgəncələrə məruz qoyaraq efirdə anasının əleyhinə danışmağa məcbur edib.

İki aydan sonra İcra Hakimiyyətinin dəstəyi ilə sığınacaqdan xilas edilən 15 yaşlı qız anasına sığınacaqda günlərlə ac saxlanıldığını, iki gün zirzəmiyə qapadıldığını, qışın soyuğunda hamamda gecələməyə məcbur edildiyini və xadimə-dayə kimi qanunsuz işlədildiyini bildirdi. Bundan əlavə, sığınacaqdakı körpələrin saçının qırxılaraq başlarına spirt vurulub yandırıldığı, uşaqların fiziki zorakılığa məruz qaldığı barədə iddialar da istintaq materiallarına daxil edildi.

 

Sosial şəbəkədə yayılan şəkillər və təkzib olunan ittihamlar...

Ötən müddət ərzində sosial şəbəkələrdə sığınacaqda qalan uşaqların “Əvvəl-Sonra” fotoları və videoları yayılaraq böyük rezonans doğurub. Paylaşılan görüntülərdə uşaqların kəskin şəkildə arıqladığı və anoreksiya vəziyyətinə düşdüyü əks olunub. Şikayətçi valideynlər sığınacaqda uşaqların başının qırxılaraq spirtlə yandırıldığını, onlara ağır mənəvi-fiziki əzablar verildiyini iddia ediblər.

Sığınacağın rəhbəri Könül Qasımova isə mətbuata verdiyi açıqlamalarda ittihamları qətiyyətlə təkzib edərək görüntülərin montaj və şər-böhtan xarakterli olduğunu, həmin uşaqların artıq sığınacaqda olmadığını bildirib və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdiyini qeyd edib.

Tənqidlərə söyüşlə cavab: Könül Qasımovanın əvvəlki video-görüntüsü

Sığınacaq rəhbəri Könül Qasımovanın diqqət çəkən başqa bir video-görüntüsü də mövzuya işıq salır. Həmin canlı yayımda K.Qasımovanın ünvanına tənqid səsləndirən şəxsləri ağır təhqirlərlə hədəf alması və insanlara açıq-aşkar hədə-qorxu gəlməsi əks olunub.

Məhkəmə və son həbs qərarı...

Göründüyü kimi o, qanunsuz əməllərindən əl çəkməyib və Xətai Rayon Məhkəməsinin qərarı ilə Könül Qasımova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək saxlanılıb. 

 

Sosial şəbəkələrdə doğan rezonans:

Bu dəhşətli faktlar cəmiyyətdə dərin sarsıntı və böyük hiddət yaratdı. İctimaiyyət uşaqlara sığınacaq adı altında işgəncə verilməsini kəskin pisləyərək, təqsirkarın ən ağır cəzanı almasını tələb etdi.

Hadisəyə dair vətəndaşların sosial şəbəkələrdəki reaksiyaları və şərhləri:

Cəmiyyətdə böyük narahatlıq doğuran bu dəhşətli faktlar uşaq sığınacaqlarının təhlükəsizliyi, kadrların peşəkarlığı və dövlət nəzarəti mexanizmləri ilə bağlı ciddi suallar ortaya çıxarır. Bəs uşaqların taleyini etibar etdiyimiz bu müəssisələr hansı standartlara cavab verməlidir və mövcud boşluqlar necə aradan qaldırılmalıdır?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacaq fəaliyyətinin elmi və peşəkar əsaslara söykənməli olduğunu vurğulayıb:

“Uşaq sığınacağı dedikdə bu, sosial xidmətin təşkili deməkdir. Onun üçün birinci növbədə sosial xidmətin nə olduğunu, yəni elmini öyrənmək lazımdır. Peşəkar kadrlar toplanmalıdır. O kadrlar bir çox təlimlərdən keçməli, beynəlxalq təcrübəni öyrənməli, davamlı olaraq öz üzərlərində işləməlidirlər. Kontingent formalaşmalıdır ki, hansı qrupla işləyəcəyini bilsinlər. Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiya olunmalı və uyğun xidmət paketinə sahib olmalıdır. Yəni sənin xidmət paketin nədən ibarətdir? Məişət zorakılığı qurbanları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, qadınlar, cinayət təqibindən kənar fəaliyyəti olmuş, inzibati cəza almış və ya zərərli vərdişləri olan şəxslərləmi işləyəcəksən? Bu kateqoriyalar müəyyən olunmaq üçün mütləq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiya olunmalıdır. Bu fəaliyyət davamlı olaraq dövlət qurumları, zəruri hallarda media və bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən monitorinq edilməlidir.

Mənfi tərəflərdən qorxmaq lazım deyil. Əgər sənin fəaliyyətində hansısa bir nöqsanın varsa, sən onu aradan qaldırmalısan. İdeal bir müəssisə yoxdur. İnsanlar və işlədiyin bir kontingent var. Əlbəttə ki, fəaliyyət varsa, orada problemlər də çıxacaq. O problemləri aradan qaldırmaq lazımdır".

O “Sevgi evi” sığınacağındakı acınacaqlı vəziyyətə və illərdir apardığı mübarizəyə diqqət çəkərək fikirini davam etdirib:

““Sevgi evi” uşaq sığınacağına gəlincə, orada sevgidən başqa nə deyirsinizsə, var idi. İnsan bu sahəni ümumiyyətlə bilmir. O hansı sahəni bilirdi, mən bilmirəm. Orada uşaqların nə qədər bədbəxt olduğunu tək mən yox, onu tanıyan hər kəs görürdü. Müəssisə eyni zamanda psixoloji dəstək göstərdiyinə görə bu məqamlara çox diqqət eləməli idi ki, vəziyyət bu yerə gəlib çıxmazdı. Mən 3 ildən çox o qadının fəaliyyəti ilə bağlı mübarizə apardım. Nə olsun? Məhkəmələrə verdi. Mən nə etmişdim ki? Paylaşmışdım ki, burada uşaq ölür. Bu uşağa diqqət göstərmək lazımdır və sığınacağın fəaliyyəti yoxlanmalıdır. Mən hər dəfə dövlət qurumları ilə görüşəndə də xahiş edirəm ki, bu monitorinqlər ildə bir dəfə olmasın. Balaca bir işarə qoymaq xatirinə sığınacaqlarda monitorinq keçirilməməlidir. Monitorinq gəlib oranı, buranı açıb baxmaqdan, uşağın niyə bu vəziyyətdə olduğunu soruşmaqdan ibarət deyil. Ümumi hansı standartlar var, sən onları tələb etməlisən.

Məsələnin digər tərəfi qida təminatıdır. Əgər dövlət tərəfindən maliyyə ayrılmırsa, bu çox həssas bir məqama çevrilir və xüsusi diqqət tələb edir. Sığınacaq kimi vurğulamaq istəyirəm ki, biz fəaliyyətimizi dövlətdən maliyyə almadan həyata keçiririk. Dövlət tərəfindən yalnız əməkhaqqı qarşılanır, o da maksimum 6 ay müddətində. Ondan artıq olması çox nadir hallarda mümkündür. Bəs belə olan halda nə etmək lazımdır? Deməli, işə ilk növbədə vicdanla yanaşmalısan. Bildiyim qədərilə, həmin sığınacaqdan nə qədər vaxtı keçmiş qida məhsulu çıxıb. Bəs bu uşaqları zəhərləmirlər? Düşünmürlər ki, azyaşlılar o qidaları yeyəndən sonra nə günə düşə bilərlər? Heç kim öz övladına rəva bilmədiyi şeyi başqasının uşağına da rəva görməməlidir. Şəxsən mən bu prinsiplə işləyirəm və bu günə qədər bütün fəaliyyətimi ortaya qoymağımın səbəbi də budur. Mən monitorinqlərə və fəaliyyətimin yoxlanılmasına tam açığam. Görürəm ki, digər sığınacaqlar da buna təşəbbüs göstərir, fəaliyyətlərini şəffaf şəkildə işıqlandırırlar. Çünki bizim əsas dəstəyimiz vətəndaşlardan, fərdi şəxslərdən və xeyriyyəçilərdəndir. O insanlar edilən işləri mütləq görməlidirlər.

Onlarla yanaşı, bunu bütün cəmiyyət və aidiyyəti qurumlar görməlidir. Ona görə də düşünürəm ki, monitorinqlər tez-tez keçirilməli, sığınacaqların fəaliyyətinin dövlət tərəfindən akkreditasiya olunması birmənalı şəkildə təmin edilməlidir. Düzdür, bu standartları bir qədər dəyişmək və təkmilləşdirmək lazımdır. Çünki standarta uyğunluq məsələsi olduqca önəmlidir. Kadr potensialı da böyük rol oynayır: sən hansı kontingentlə, necə uşaqlarla işləyirsən? İşə götürdüyün şəxsin psixoloji durumu, uşaqlarla davranışı - bunların hamısı müstəsna əhəmiyyət kəsb edir. Biz öz təşəbbüsümüzlə hər zaman ünsiyyətə, əməkdaşlığa və monitorinqlərə açıq olduğumuzu nümayiş etdiririk.

Elə buradan mediaya da səslənirəm: “Media təkcə gəlib qazanın qapağını açıb “bəli, burada hər şey var” deyə çəkiliş aparmaqdan ibarət deyil. Həmin sığınacaqda kranı açıb baxırdılar, şəxsən mən o kadrlara baxanda gülürdüm. Deyirlər ki, “burada isti su var?”, əlini tutub “Aaa, var imiş” deyirlər. İş bundan ibarətdir? Xeyr! Media da təşəbbüs göstərməli, sığınacaqların real fəaliyyəti ilə maraqlanmalıdır. Lakin “gəlim uşaqla fərdi çəkiliş edim” yanaşmasına biz heç vaxt izin vermirik. Ümumi kadrlarda uşaqları görə bilərsiniz, amma “gəl həyat hekayəni dinləyim, səni müsahibəyə çəkib gündəm yaradım” - bu qətiyyən mümkün deyil”.

K.Ağazadə sığınacaqlarla uşaq evlərinin fərqinə, ölkədəki mövcud mənzərəyə və nəzarət sistemindəki əsas maliyyə-nəzarət boşluqlarına toxunaraq fikirlərini belə yekunlaşdırıb:

“Cəmiyyətdə sığınacaqla uşaq evlərini tez-tez səhv salırlar. Sığınacaq qeyri-hökumət təşkilatları tərəfindən təsis edilən sosial xidmətdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində də sığınacaq fəaliyyət göstərir. Düşünürəm ki, bu tip sığınacaqların və mərkəzlərin sayı əksinə, daha çox olmalıdır. Bizə hər gün nə qədər müraciət və mesaj gəlir. İnsanın həqiqətən də sosial təhlükəli vəziyyətdə olub-olmadığını ilkin mərhələdə araşdırmaq üçün böhran mərkəzlərinin yaradılmasına böyük ehtiyac var. Bu gün Azərbaycanda neçə belə sığınacaq var ki? “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyidir, “Azərbaycan Uşaqları” İctimai Birliyidir, “Ümid Yeri” uşaq sığınacağıdır, “Nur” uşaq evidir. Səhv etmirəmsə, onlar hələ akkreditasiyadan keçməyiblər. Çalışmaq lazımdır ki, fəaliyyətlərini daha da təkmilləşdirmək üçün akkreditasiya prosesini tamamlasınlar.  Regionlarda isə Gəncədə “Təmas” təşkilatının qadın və uşaq sığınacağı var. Bir də “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi mövcuddur. Vəssalam, başqa yoxdur. Məsələn, mənim gələn il üçün hədəfim Xaçmaz rayonunda Regional İnkişaf Mərkəzinin daxilində sığınacaq yaratmaqdır. Çünki Xızıdan tutmuş Qusara qədər şimal bölgəsindən müraciət edənlərin sayı çoxdur. İnsanların Bakıya gəlməsindənsə, belə regional müəssisələrin fəaliyyət göstərməsinə ciddi ehtiyac var.

Əsas boşluq bilirsiniz nədədir? Bu gün biz akkreditasiyadan keçmişik, amma dövlət tərəfindən maliyyə dəstəyi almırıq. Ona görə də yeri gələndə bizdən nəyisə tələb edəndə insan haqlı olaraq sual verir: “Dövlət bunu təmin edib ki, qarşılığını da tələb etsin?” Çox elementar məsələdir: əgər resurs ayrılmayıbsa, monitorinq zamanı həmin standartların icrasını tələb edəndə deyirsən ki, mənim üçün bu şərait yaradılıb ki, bunu təmin edə bilim? Bu gün ən ciddi problem monitorinq zamanı qarşıya çıxan çatışmazlıqlar və bizim verdiyimiz cavabların kökündə maliyyə dəstəyinin olmamasıdır. Düşünürəm ki, dövlət qurumları ayrılan hər qəpiyin hesabını sormaqda maraqlı olmalıdır - əsl monitorinq də elə budur.

Hazırda monitorinqlər ildə cəmi bir dəfə keçirilir. Nazirlər Kabinetinin qərarı ilə aidiyyəti qurumlardan ibarət komissiya yaradılır. Bu qrupa Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Prokurorluq və səhv etmirəmsə, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri daxildir. Onlar ildə bir dəfə gəlib araşdırma aparır və arayış təqdim edirlər. Bizim təklifimiz odur ki, işimizin dayanıqlı və effektiv olması üçün maliyyə dəstəyi kiçik qrantlar çərçivəsi ilə məhdudlaşmamalıdır. Söhbət konkret olaraq sosial xidmət göstərən sığınacaqlardan gedir. Digər reabilitasiya mərkəzlərinin də ciddi monitorinqə ehtiyacı var. Görürsünüz ki, müxtəlif psixologiya mərkəzlərində, özəl bağçalarda və bənzər müəssisələrdə davamlı olaraq neqativ hallar, zorakılıq və hüquq pozuntuları baş verir. Əgər bu xidmətlərin daha keyfiyyətli olmasını və dövlət nəzarətində saxlanılmasını istəyiriksə, həm müntəzəm monitorinqlər aparatılmalı, həm də bu işin arxasında real maliyyə dəstəyi durmalıdır”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır, istintaq işi davam etdirilir. Bu səbəbdən Dövlət Komitəsi tərəfindən məsələ ilə bağlı açıqlama verilməsi mümkün deyil.

Sonda deyəcək çox söz olsa da, bütün bu yaşananlardan sonra içimizdəki kədəri və ümidi məşhur türk yazıçısı Aziz Nesinin misraları ilə duaya çeviririk:

Elə bir ağlasam, elə bir ağlasam,
Uşaqlar, sizə heç göz yaşı qalmasa.

Elə bir ac qalsam, elə bir ac qalsam,
Uşaqlar, sizə heç aclıq qalmasa.

Elə bir ölsəm, elə bir ölsəm,
Uşaqlar, sizə heç ölüm qalmasa.

Unutmayaq ki, əsl sığınacaq daşdan hörülmüş divarlar deyil, uşaqların qəlbinə hədiyyə etdiyimiz inam və təhlükəsizlik duyğusudur.

Paylaş:
123

Son xəbərlər

Bütün xəbərlər