Azərbaycanın qədim alban irsi – I hissə | 1news.az | Xəbərlər
Mövqe

Azərbaycanın qədim alban irsi – I hissə

Fəridə Bağırova11:18 - Bu gün
Azərbaycanın qədim alban irsi – I hissə

Azərbaycanın əsrlərlə yaşı olan zəngin tarixi kökləri regionun özünəməxsus sivilizasiya irsi ilə sıx bağlıdır.

Bu irsin mühüm hissəsini Qafqaz Albaniyasının tarixi və mədəniyyəti təşkil edir.

Təəssüf ki, bu gün regionun tarixi reallıqlarına münasibətdə qərəzli yanaşmalar və tarixin təhrif edilməsi cəhdləri müşahidə olunur.

Belə tendensiyalar fonunda tarixi həqiqətin qorunması xüsusi aktuallıq kəsb edir. Azərbaycanın ərazisində yerləşən bütün tarixi, mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının tarixi-mədəni irsinin ayrılmaz hissəsidir.

Bu gündən etibarən Azərbaycanın müxtəlif bölgələrində yerləşən qədim alban abidələrinə həsr olunmuş silsilə materiallara başlayırıq. İlk yazımız Qarabağa həsr olunub.

Qarabağın alban abidələrinin tarixi müasir Azərbaycanın ərazisində əsrlər boyu formalaşmış mürəkkəb və çoxqatlı tarixi-mədəni irsin bir hissəsidir. Bu günədək qorunub saxlanılan məbədlər, monastırlar və digər memarlıq abidələri regionun tarixinin, dini ənənələrinin, memarlığının və mədəni inkişafının öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Laçın: “Ağoğlan” monastır kompleksi

V–VI əsrlərə aid olan alban monastırı “Ağoğlan” Laçın rayonunun Kosalar kəndində, eyniadlı çayın sahilində yerləşir. Əvvəlcə qala kimi inşa edilən abidə müxtəlif dövrlərdə dağıntılara məruz qalıb, IX əsrdə isə yenidən monastır üslubunda bərpa olunub. Köhnə divarların üzərində yeni tikililər ucaldılsa da, abidə ilkin bünövrəsini dəyişməz şəkildə qoruyub saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.

Məbədin əvvəllər qala kimi tanınması müxtəlif əfsanələrdə də öz əksini tapıb. Rəvayətə görə, bir gün bu ərazilərdən keçən gənc səyyah yerli təbiətin gözəlliyinə heyran olur və burada qala tikmək qərarına gəlir. O, bir qrup gənc oğlanı ətrafına toplayaraq tikinti işlərinə başlayır. Gənc xalqın sevgisini və hörmətini qazanır, həmçinin çox yaraşıqlı olduğu üçün yerli sakinlər onu “Ağoğlan” (“Ağ oğlan”) adlandırırlar.

İnşa edilən qala vaxtilə “Qaranquş qalası” adı ilə də tanınıb. Bununla bağlı rəvayət də maraqlıdır. Deyilənə görə, günlərin birində qaranquş aşpazın başı üzərində dövrə vuraraq onun insanlara yemək paylamasına mane olmağa çalışır. Qəfildən qaranquş qaynar qazana atılaraq ölür. Aşpaz yeməyi boşaldarkən qazanın içərisində ölü ilan olduğunu görür. İnsanlar xilaskar quşu tikilinin yaxınlığında dəfn edir və qalanı onun şərəfinə adlandırırlar.

Lakin zaman keçdikcə bu ad unudulur. Qala məbədə çevrildikdən sonra isə xalq arasında abidə “Ağoğlan” adı ilə tanınmağa başlayır.

Məbəd kifayət qədər böyük ölçülərə malikdir. Üçnefli, düzbucaqlı bazilikadan ibarətdir. İbadət zalının bütün nefləri silindrik tağlarla örtülüb. İnteryer baxımından bazilika möhkəm yerli daşdan – bazaltdan inşa edilib. Fasadın yan tərəfində zala açılan yalnız bir giriş qapısı var. Fasadın hamar səthinin yuxarı hissəsində bir-birindən aralı yerləşən ensiz pəncərə açırımları var və həmin pəncərələrdən zalın daxili məkanına işıq düşür. “Ağoğlan” məbədinin daxili divarları iri ölçülü, yonulmuş qara rəngli daşlarla üzlənib. Vaxtilə divarlarda müxtəlif mövzulu çoxrəngli rəsmlər çəkilib. Zaman keçdikcə onların böyük hissəsi silinib, lakin şimal divarında freska rəsmlərinin bəzi fraqmentləri bu günədək qismən qorunub.

Zalın interyerinin yuxarı hissəsində daş üzərində dekorativ oyma nümunələri işlənib. İşğaldan sonra ermənilər abidənin divarlarındakı bir sıra daş kitabələrin formasını tamamilə silib və dəyişdirib, həmçinin alban dövrünə aid çoxsaylı ornament və simvolları aradan qaldırıblar. Onlar abidənin divarlarının müxtəlif hissələrinə məbədin qriqoryan xristianlığının qolu ilə bağlı olduğunu göstərdiyi iddia edilən 26 qəbirüstü lövhə yerləşdiriblər. Kompleksin girişinin qarşısında xaçkarlar quraşdırıb, məbədin fasadını sökərək onu kirəmit və dam örtüyü ilə örtüblər. 2007-ci ildə erməni yepiskopları abidəyə “erməni qriqoryan kilsəsi” statusu veriblər. Bununla da Azərbaycan torpaqlarında həyata keçirilən mədəni irsin məhv edilməsi siyasətinin növbəti nümunəsi ortaya qoyulub.

Xocavənd: “Amaras” monastır kompleksi

“Amaras” monastırı IV–XIX əsrlərə aid edilir və Xocavənd rayonunun Cütçü kəndində, eyniadlı çayın sahilində yerləşir. Bu, Qafqaz Albaniyasının ilk xristian məbədlərindən biridir. Abidə Qarabağ ərazisində Albaniyanın ən mühüm dini və mədəni mərkəzlərindən biri olub.

“Amaras” erkən xristianlıq dövrünə aid üçnefli bazilikadır. Arxeoloji tədqiqatlar təsdiq edir ki, monastır IV əsrə aid qədim məbədin yerində X əsrdə yenidən inşa edilib və həmin memarlıq üslubuna cüzi əlavələr olunub.

VII əsr tarixçisi Musa Kalankatuklu bildirirdi ki, monastırın əsasını təbliğatçı Qriqori Maarifləndirici qoyub. Antik müəlliflərin məlumatlarına görə, Amarasın da daxil olduğu Qəbənd vilayəti Qriqori Maarifləndiricinin mülkü olub. Xristianlığın Albaniyada dövlət dini kimi formalaşdığı dövrdə “Amaras” əsas dini mərkəzlərdən biri idi.

Antik mənbələrdə Amaras şəhərinin adı “Amare” formasında qeyd olunur və burada Ay məbədinin mövcudluğundan bəhs edilir (Strabon, XII, s. 522).

“Amaras” məbədinin hələ xristianlıqdan əvvəl yerli əhalinin ziyarət etdiyi məkan olması yazılı mənbələr, eləcə də etnoqrafik tədqiqatlarla təsdiqlənir. 1968-ci ildə Qarabağ abidələrini tədqiq edən azərbaycanlı arxeoloq Rəşid Göyuşev “Amaras” məbədinin ərazisində qazıntılar zamanı qədim ziyarətgahın izlərini aşkar edib. Arxeoloq monastır ərazisinin ətrafdakı digər abidələrdən daha qədim olduğu qənaətinə gələrək yazırdı ki, xristianlığın yayılmasından əvvəl də bu ərazi kahinlərin yaşadığı böyük dini mərkəz olub. Arxeoloq məbəddə ellinistik mədəniyyətə xas sütun altlıqları, müxtəlif artefaktlar, həmçinin eramızın I əsrinə aid məbəd qalıqları aşkar edib. Bu qədim məbəd eramızdan əvvəl II əsrdən etibarən ibadət yeri kimi istifadə olunub. Günbəzli bazilika formasında olan məbədin planı cüzi əlavələrlə IV əsrə aid qədim məbədin planını təkrarlayır.

VII əsr alban müəllifi Musa Kalankatuklu qədim alban inanclarının məkanları olan Ziyarət dağı və Müqəddəs dağın yaxınlığında yerləşən “Amaras” haqqında yazırdı ki, çox qədim zamanlardan, min illər əvvəl övladsız və qızdırmadan əziyyət çəkən insanlar “Amaras”a ziyarətə gəlir, buradan bir qədər torpaq götürür və şəfa tapırdılar.

Sonralar monastır kompleksi kimi fəaliyyət göstərən “Amaras” Qafqaz Albaniyasının yepiskopluq mərkəzinə çevrilib. Bu torpaqlarda İslam yayıldıqdan sonra belə “Amaras” xalq arasında həm xristian, həm də müsəlman əhali tərəfindən müqəddəs məkan və ziyarətgah kimi qəbul olunub.

Memarlıq quruluşuna görə monastır erkən xristianlıq dövrünün ən qədim üçnefli bazilikalarından biridir. Arxeoloji tədqiqatlar əsasında məbədin tikintisinin üç əsas mərhələsi müəyyən edilib – IV əsr, X əsr və XIX əsr. Çoxsaylı tikinti işlərinə, dağıntılara və yenidənqurmalara baxmayaraq, məbəd ilkin formasını müəyyən dərəcədə qoruyub saxlayıb.

V əsrdə çoxsaylı məbədlər inşa etdirən Alban hökmdarı III Vaçaqan Dindar (487–510) yeni məbədlərlə yanaşı, qədim məbədləri də bərpa etdirirdi. “Amaras” da həmin məbədlərdən biri olub.

Monastır kompleksi IX əsrdən sonrakı əsrlərdə də dəfələrlə təmir olunub. X əsrdə Ərəb xilafətinin zəifləməsi ilə “Amaras” da digər alban məbədləri kimi yenidən bərpa edilib və alban memarlığı ənənələrinə uyğun olaraq genişləndirilib. Arxeoloji qazıntıların nəticələri də məbədin X əsrdə yenidən inşa edildiyini təsdiqləyir.

1223-cü ildə “Amaras” monastırı monqollar tərəfindən talan edilib və burada saxlanılan qiymətli əşyalar ələ keçirilib. Ələ keçirilən qiymətli əşyalar arasında IV əsrdən etibarən monastırda qorunan Müqəddəs Qriqorisin əsası, həmçinin qiymətli daşlarla bəzədilmiş böyük qızıl xaç da olub. Bundan sonra monastır inzibati və siyasi əhəmiyyətini itirsə də, dini ziyarətgah kimi fəaliyyətini davam etdirib.

Vaxtilə “Amaras” monastırında mövcud olmuş kitabədən məlumdur ki, XIII əsrdə Cəlal Dövlənin arzusu ilə “Amaras”da Müqəddəs Qriqorinin şərəfinə bağ salınıb. Yarım əsr sonra, 1387-ci ildə “Amaras” Əmir Teymurun yürüşlərinə məruz qalıb. XIV əsrdən etibarən məbəd əvvəlki əzəmətini itirərək tənəzzülə uğrayıb. Monastır 1858-ci ildə qədim bünövrələr üzərində yenidən inşa edilib. Kompleks indiki görkəmini XIX əsrdə əldə edib.

Monastırın yenidən qurulması zamanı inşaatçılar əvvəlki məbədin memarlıq kompozisiyasını, interyer və eksteryer dekorasiyasını, divar hörgüsündə istifadə olunan qədim məbədə aid relyefli və epitafiyalı daşlar istisna olmaqla, tamamilə dəyişdiriblər. 1858-ci ildə erməni kilsəsi tərəfindən monastırda aparılan yenidənqurma nəticəsində qədim alban abidəsinin ilkin görünüşünün təhrif edildiyi, abidənin qədim kitabələrinin, o cümlədən monastırın ərazisində yerləşən 925-ci ilə aid stela kitabəsinin məhv edildiyi bildirilir. Kilsənin qərb fasadındakı portalın timpanı və onun üzərində yerləşən kiçik pəncərə açırımı relyefli daşlarla əhatələnib, divarlar isə demək olar ki, bütün dekor elementlərindən məhrum edilib.

Bütün bunların 1836-cı ildə Alban Apostol Kilsəsinin ləğv edilməsi və “Amaras” monastırının, eləcə də digər alban monastır və kilsələrinin Erməni Kilsəsinin tabeliyinə verilməsi ilə bağlı olduğu qeyd olunur. Alban katolikosluğunun 1836-cı ildə ləğv edilməsindən sonra Eçmiədzin tərəfindən saxtalaşdırmalar yolu ilə “Amaras” monastırının erməniləşdirilməsinə cəhd edildiyi bildirilir.

Ağdərə: Müqəddəs Yelisey məbədi kompleksi

Müqəddəs Yelisey monastırı Murovdağın ətəyində, yüksək təpənin üzərində yerləşir. Tədqiqatçıların əksəriyyəti monastırın V əsrə aid olduğunu bildirir, epiqrafik kitabələr isə XIII əsrə aid edilir.

Məbəd üç tərəfdən divarla əhatə olunub, bir tərəfdən isə sıldırım qayalarla əhatələnir. Monastır Suqovuşan və Təpəkənd kəndləri arasında, çatılması çətin olan yüksəklikdə yerləşir. Monastıra yalnız ensiz cığırla qalxmaq mümkündür.

Musa Kalankatuklunun “Alban tarixi” əsərində Müqəddəs Yelisey monastırı Ners-Mihrın məskəni kimi qeyd olunur. Müqəddəs Yelisey monastırı kilsə, yeddi hücrə, qəbiristanlıq və hazırda xarabalığa çevrilmiş bir neçə tikilidən ibarət kompleksdir. Kilsənin qərb hissəsinə uzunluğu 10 metr, eni 5,8 metr olan üçmərtəbəli zal-təmirxana birləşir.

Monastırın həyətində onlarla qəbirüstü abidə olub. Məbəddəki yeddi hücrədən biri alban hökmdarı Vaçaqan Dindara, ikincisi Çiləburd məliyi, igid Atama, üçüncüsü isə Alban Apostol Kilsəsinin yepiskopu Meliksetə məxsus olub.

Müqəddəs Yelisey monastırı həm Qafqaz Albaniyasının, həm də alban mənşəli Qarabağ məliklərinin siyasi və mədəni həyatında böyük rol oynayıb.

1970-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun bir qrup əməkdaşı monastırda tədqiqat aparıb. Ekspedisiyanın məqsədi monastırın ərazisində arxeoloji qazıntılar aparmaq, abidələrdəki kitabələri qeydə almaq və xüsusilə alban hökmdarı Vaçaqan Dindarın məzarını aşkar etmək olub. Ekspedisiyanın rəhbəri, arxeoloq Rəşid Göyuşov yazırdı: “...Bu məbəd Albaniyada xristianlığın ilk təbliğatçısı Yeliseyin şərəfinə inşa edilib. Alban hökmdarı Vaçaqan Dindar da burada dəfn olunub”. Aparılan tədqiqatlar göstərib ki, məbəd IX–X əsrlərdə dağıdılıb, XI əsrdə isə bu məbədin xarabalıqları üzərində yeni monastır kompleksi inşa edilib.

Ağdərə: “Gəncəsər” monastır kompleksi

Gəncəsər monastırı Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında, Xaçınçayın sağ sahilində yerləşir. Bu, dünya əhəmiyyətli memarlıq abidəsidir. Vəngli kəndi uzun müddət alban Xaçın knyazlığının mərkəzi, XIII–XIX əsrlər ərzində isə Azərbaycanda alban-xristianların dini və mədəni mərkəzi olub.

Monastır kompleksinin əsas kilsəsi Xaçın knyazı Cəlal Həsən Dövlənin göstərişi ilə 1216–1238-ci illərdə inşa edilib. Kilsəyə bitişik narteksin təməli 1266-cı ildə qoyulub. Uzun müddət Gəncəsər Alban katolikosluğunun mühüm dini mərkəzlərindən biri olub və 1836-cı ilə qədər Qafqaz Albaniyasının son katolikoslarının iqamətgahı kimi fəaliyyət göstərib. Bu abidə XIII əsrdən sonrakı dövrdə Alban Apostol Kilsəsinin tarixinin öyrənilməsi üçün mühüm mənbələrdən biri hesab olunur. Monastır alban xristian mədəniyyətinin intibah dövrünün simvolu olub.

Kompleks əsas kilsədən, narteksdən, qala və müdafiə divarlarından, rahib hücrələrindən, yaşayış və təsərrüfat tikililərindən ibarətdir. Əsas kilsə xaçvari-günbəzli kompozisiyaya malikdir və zəngin oyma ornamentlər, barelyeflər və epiqrafik kitabələrlə bəzədilib.

Cəlal Həsən Dövlənin hakimiyyəti dövründə Xaçın knyazlığının ərazisi əhəmiyyətli dərəcədə genişlənib, tikinti və abadlıq işləri böyük vüsət alıb. Məşhur Xaçın alban knyazları – Mehranilər sülaləsinin davamçıları Böyük Həsən, onun oğlu knyaz Vaxtanq, nəvəsi Cəlal Dövlə və onların həyat yoldaşları Arzu-xatun, Xorişa-xatun, Mama-xatun bir sıra möhtəşəm müdafiə qalaları ilə yanaşı, knyazlığın ərazisində monastır, kilsə və məbədlər də inşa etdiriblər. Bu sülalənin nümayəndələri XII əsrdə alban katolikosları vəzifəsini də icra ediblər. Gəncəsər monastırı Həsən Cəlalın iqamətgahı olan Xona­bərd qalasının qarşısında inşa edilib.

Monastırın daxilindəki epiqrafik kitabələrdən məlum olur ki, Böyük Həsənin oğlu Vaxtanq öz oğlu Cəlal Dövləyə əcdadlarının məzarlarının yerləşdiyi yerdə kilsə inşa etdirməyi vəsiyyət edib. Monastırın divarındakı epiqrafik kitabədə bildirilir ki, bu abidə Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Cəlal Həsən Dövlə və onun anası Xorişa-xatun tərəfindən inşa etdirilib.

Tikinti 1238-ci ildə başa çatdırılıb. Kilsə 1240-cı ildə alban katolikosu Nersesin patriarxlığı dövründə təqdis edilib. Həmin münasibətlə Cəlal Dövlə burada təntənəli ziyafət təşkil edib. Alban katolikoslarının iqamətgahına çevrilən bu monastır kompleksinin ərazisində Həsən Cəlal nəslindən olan bir çox din xadimi dəfn olunub.

Monastır kompleksi geniş torpaq sahələrinə malik olub. Monastırdakı kitabələrdən məlum olur ki, Xaçın sülaləsinin üzvləri vaxtaşırı monastıra torpaqlar bağışlayıb və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olublar. Məsələn, 1495-ci ilə aid kitabədə Atabəyin oğlu Ayqunun monastıra torpaq bağışlamasından bəhs edilir.

Ətraf kəndlərdə məskunlaşan kəndlilərin istifadə etdiyi torpaqlar da monastıra məxsus olub. 1825-ci ilə aid arxiv sənədlərindən məlum olur ki, 4 ailədən ibarət Ballıqaya kəndinin və 55 ailədən ibarət Vəngli kəndinin torpaqları “Gəncəsər mülkü”nü təşkil edib. Sənədlərdə Ballıqaya əhalisinin “təmiz türklər (azərbaycanlılar)” olduğu qeyd edilir.

XIX əsrdən etibarən Rusiya imperiyası tərəfindən Qarabağ və İrəvan xanlıqlarının Azərbaycan torpaqlarına köçürülən ermənilərin bu ərazilərdəki alban məbədlərini və ziyarətgahlarını məhv etməyə, saxtalaşdırmağa və erməniləşdirməyə başladığı bildirilir. Gəncəsər monastırının da eyni aqibətlə üzləşdiyi qeyd olunur.

XIX əsrdə alban kilsələrinin erməniləşdirilməsi prosesinin başlanması ilə Gəncəsərdə orta əsrlərə aid alban tarixi sənədlərinin bütün arxivi, xüsusilə də alban patriarxlarının zəngin kitabxanası məhv edilib. Əlyazmalar və qiymətli sənədlər Eçmiədzinə aparılıb. Həsən Cəlal nəslindən olan sonuncu alban patriarxı Sarkisin qeydlərindən məlum olur ki, Alban Kilsəsi tərəfindən əsrlər boyu Gəncəsər monastırında qorunan qiymətli arxiv Eçmiədzinə aparılarkən müəmmalı şəkildə yolda itib. Bununla da monastırda saxlanılan alban patriarxlarının zəngin arxivi geri qaytarılmamaqla məhv edilib. Sonuncu alban patriarxı Sarkis sənədlərin bir hissəsini bərpa edib yenidən tərtib etsə də, onların böyük hissəsinin tamamilə məhv edildiyi bildirilir.

Mətnin müəllifinə görə, bu, hazırda mövcud olan tarixi sənədlərin orijinal olmadığını, yeni erməni mətnlərinin əlavə edildiyi saxtalaşdırılmış nüsxələrdən ibarət olduğunu göstərir. XX əsrin əvvəllərində şərqşünas İosif Orbeli arxeoloji ekspedisiya zamanı məbəddəki 1000-dən çox kitabə mətnini tədqiq edərək XIX əsrdən etibarən Qarabağdakı monastır və kilsələrin ilkin təsvirlərinin əksəriyyətinin saxtalaşdırıldığını müəyyənləşdirib. Orbeli məbəd kitabələrində bu ərazilərin albanlara məxsusluğunu göstərən mühüm faktlar aşkar edib. Müəllif Qarabağdakı alban abidələrinin erməniləşdirilməsi ilə bağlı faktları ictimaiyyətə açıqlayıb. Sovet dövründə ciddi təzyiqlərlə üzləşən alim əsərini dərc etməkdən imtina etməyə məcbur olub. Mətnə görə, Orbelinin tədqiqatları Qarabağdakı alban irsinin ya məhv edildiyini, ya da erməniləşdirildiyini göstərir. Hazırda bu qiymətli tədqiqat əsərinin nüsxəsi və onunla bağlı sənədlər Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları Fondunda saxlanılır. Bu elmi əsərin, habelə erməni saxtalaşdırmalarını ifşa etdiyi bildirilən sənədlərin nüsxəsi azərbaycanlı alimlərin səyləri nəticəsində 2011-ci ildə Sankt-Peterburqdan Bakıya gətirilib.

Gəncəsər monastırındakı kitabənin düzgün oxunması nəticəsində XIII əsrin əvvəllərində Alban Apostol Kilsəsinin müstəqil, yəni avtokefal olduğu təsdiqlənib. Belə ki, “Nerses patriarxlığının himayəsi altında Alban katolikosu” ifadəsinin yer aldığı kitabə məbədin alban irsinə aid olduğunu təsdiqləyən fakt kimi təqdim edilir. Xristian kilsə ənənəsinə görə, patriarx ən yüksək ruhani titul və müstəqil (avtokefal) kilsənin rəhbəridir. Buna görə də mətnə əsasən, erməni müəlliflər Gəncəsər kitabələrində bu ifadəni tərcümə edərkən “patriarxlıq” sözünü siliblər.

Orbelinin tədqiqatlarına əsasən, monastırın kitabələrində “Ermənistan” və ya “erməni” sözlərinə rast gəlinməyib. Əksinə, tərcümə edilmiş kitabələrdə monastırın yerləşdiyi ərazinin və məbədin müstəqil Alban knyazlığına məxsusluğunu təsdiqləyən mətnlərin aşkar edildiyi bildirilir. Kitabələrdə “Albaniya ölkəsinin Gəncəsər müqəddəs taxtı”, “Bu, alban xalqının katolikosu Sarkisin məzarıdır”, “Albaniyadan Həsən Cəlal xalqı üçün katolikos Sarkis” kimi ifadələrin yer alması monastırın alban-xristianların mənəvi mərkəzi olduğunu və bu ərazilərdə albanların yaşadığını təsdiqləyən faktlar kimi təqdim edilir.

Gəncəsər kitabələrinin tədqiqi bu abidədə türkcə sözlərin də mövcudluğunu göstərir. Mətnə görə, türk etnik komponenti Qafqaz Albaniyasında və Alban Avtokefal Kilsəsində hər zaman mühüm rol oynayıb. Alban xaç təsvirlərində və bədii kompozisiyalarda türk inancları və dünyagörüşünə xas elementlər – Ay kultu, Günəş kultu və həyat ağacı öz əksini tapıb.

Gəncəsər kitabələrindən, mətnə görə, Qarabağdakı xristian alban əhalisinin türk dilinin daşıyıcısı olduğu, kilsə həyatında xristian ənənələrinə riayət etməklə yanaşı, gündəlik məişətdə türk adət-ənənələrini və folklorunu qoruduğu nəticəsi çıxarılır. Xaçın knyazlığı isə orta əsrlərdə Cənubi Qafqazda türk-xristianların formalaşması və inkişafının mühüm mərkəzlərindən biri kimi təqdim olunur.

XII–XIII əsrlərdə Albano-Xaçın knyazlığının ən görkəmli nümayəndələrindən biri olan Həsən Cəlal Dövlənin hakimiyyəti dövründə Xaçın knyazlığı həm qıpçaqlarla, həm də monqollarla qohumluq əlaqələri qurub. Həsən Cəlalın anası Xorişa-xatun (Xurişah-xatun) qıpçaq türklərindən olub. Bunun monastırın ərazisində hörüklü saçları olan, monqollara xas xalat və papaq geyinmiş, əllərində nizə tutan iki atlının təsviri ilə də təsdiqləndiyi bildirilir.

Monastır kompleksinin divarlarındakı kitabələrdə çoxsaylı türk mənşəli söz və şəxs adlarının, həmçinin Xaçın hökmdarları sülaləsinin və həmin nəsildən olan alban yepiskopları və katolikoslarının adlarının türk mənşəli olması orta əsr alban irsində türk mədəniyyətinin əhəmiyyətli rolunu göstərən mühüm fakt kimi təqdim edilir.

Mütəxəssislər Gəncəsər məbədinin divarlarında qədim türk sözləri, adları və titulları – xaqan, xatun, atabəy – aşkar ediblər. Mətnə əsasən, bu fakt türk mədəniyyətinin və türk etnoslarının Qarabağın orta əsr alban irsində mühüm rol oynadığını təsdiqləyir.

Türkdilli ad və titullara yalnız Gəncəsər monastırında deyil, Qarabağdakı bütün alban məbədlərinin kitabələrində rast gəlindiyi bildirilir. XIX əsrdə Qarabağın xristian abidələri haqqında məlumat verən yepiskop Barxudaryan Xaçın nəslinə aid Böyük Aran monastırının ərazisindəki bir neçə kitabə barədə yazıb. Həmin kitabələrdəki adların demək olar ki, hamısının türk mənşəli olduğu qeyd edilir.

Buna görə də 1836-cı ildə Alban Kilsəsinin ləğvi ilə bağlı Rusiya Sinodunun məlum qərarından sonra ermənilərin əsas hədəfi Qarabağda yerləşən Alban patriarxlığının sonuncu iqamətgahı olan Gəncəsər monastırı olub. 1828-ci ilə qədər çiçəklənən monastır XIX əsrin 30-cu illərinin sonlarına doğru digər alban ziyarətgahları kimi tənəzzülə uğrayıb. Həmin dövrdən etibarən monastırda alban patriarxlarının kitabxanasında saxlanılan bütün əlyazmalar və qiymətli sənədlər Eçmiədzinə aparılıb. Alban Xaçın hökmdarı Həsən Cəlal nəslindən olan sonuncu alban patriarxı Sarkis yazırdı ki, monastırın arxivi müəmmalı şəkildə yoxa çıxıb. XIX əsrin sonlarında Azərbaycandakı bütün alban kilsələrinin təsnifatını hazırlayan Barxudaryan da Gəncəsər monastırından qiymətli əlyazmaların oğurlandığını qeyd edib.

XIX əsrdən etibarən Erməni Kilsəsinin alban xristian irsinin məhv edilməsinə yönəlmiş siyasətinin XX əsrdə də davam etdiyi, alban kilsələrindəki epiqrafik yazıların təhrif edilməsi, alban dövrünün bədii üslubunda işlənmiş ornament və simvolların silinməsi və formalarının dəyişdirilməsi ilə müşayiət olunduğu bildirilir.

XIX–XX əsrlər ərzində davam edən saxtalaşdırmalar Qarabağın erməni işğalı dövründə daha da aşkar xarakter alıb.

İşğal illərində Qarabağ bölgəsinin əsas və ən böyük alban məbədi olan Gəncəsər monastırı dünyaya “erməni monastır kompleksi” kimi təqdim edilib. Abidənin tarixi mühitinə və memarlıq xüsusiyyətlərinə ciddi müdaxilələr edilib. Bu müdaxilələrə 286 qəbrin yerinin dəyişdirilməsi, müdafiə divarlarının müasir daş lövhələrlə üzlənməsi, narteks və məbədin qapı-pəncərə elementlərinin yenilənməsi, döşəmə örtüyünün, altarın və bir sıra dekorativ elementlərin dəyişdirilməsi daxil olub.


Növbəti materiallarda Azərbaycanın ərazisində yerləşən qədim alban xristian abidələri ilə tanışlığımızı davam etdirəcək, onların tarixinə, memarlıq xüsusiyyətlərinə və günümüzədək qorunub saxlanılan keçmişin izlərinə nəzər salacağıq.

 

 

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər