Kamçatkada yolda qalan turistlər arasında Azərbaycan vətəndaşı da olub – XİLAS EDİLDİLƏR
Kamçatkada yolda qalan turistlər arasında Azərbaycan vətəndaşı da olub – XİLAS EDİLDİLƏR
Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanı ərazisində bir qrup turist avtomobilləri ilə yolda qalıb.
1news.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, buna güclü yağışlar nəticəsində yolun tamamilə dağılması səbəb olub.
Çətin vəziyyətdə qalan turistlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də olub.
O, ötən gün sosial şəbəkə hesabında paylaşım edərək 16 nəfərlə birlikdə “Ural” markalı avtomobildə köməksiz qaldıqlarını bildirib.
T. Dolivets həmin vaxt qrupun cəmi bir günlük qida ehtiyatının qaldığını qeyd edib.
Daha sonra Azərbaycan vətəndaşı yeni paylaşım edərək turistlərin xilas olunduğunu və təhlükəsiz yerə təxliyə edildiklərini açıqlayıb.
“Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”, - deyə o bildirib.













