Ukraynanın iki şəhərinə gecə zərbələri: 3 nəfər həyatını itirdi
Rusiya qüvvələri Ukraynanın Zaporojye və Xarkov şəhərlərinə zərbələr endirib.
1news.az "Unian"-a istinadən xəbər verir ki, avqustun 25-nə keçən gecə Zaporojye şəhəri PUA və idarəolunan aviasiya bombası ilə hücuma məruz qalıb.
Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, PUA hücumu nəticəsində qeyri-yaşayış binalarında yanğın baş verib. Daha sonra şəhərə idarəolunan aviasiya bombası ilə zərbə endirilib. Hücum nəticəsində iki nəfərin öldüyü bildirilib.
Xarkov meri İqor Terexov isə şəhərin Osnovyanski rayonunda yerləşən sənaye zonasının raket zərbələrinin hədəfi olduğunu açıqlayıb. Onun məlumatına görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Bundan əvvəl Çerniqov şəhərinin mərkəzində də yaşayış binasına PUA ilə zərbə endirilib. Hücum nəticəsində 14 nəfər xəsarət alıb. Yaralananlar arasında 12 və 17 yaşlı iki uşaq da var.












