Ermənistanda hökumətin 2031-ci ilədək olan proqramı təsdiqlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanda hökumətin 2031-ci ilədək olan proqramı təsdiqlənib

First News Media17:51 - Bu gün
Ermənistanda hökumətin 2031-ci ilədək olan proqramı təsdiqlənib

Ermənistan parlamenti hökumətin 2026–2031-ci illər üzrə proqramını təsdiqləyib. Onun lehinə yalnız hakim "Vətəndaş müqaviləsi"nin deputatları - 63 deputat səs verib, müxalif "Güclü Ermənistan" fraksiyasından 24 deputat isə əleyhinə çıxış edib. İkinci müxalifət fraksiyası olan "Ermənistan" səsverməni boykot edib.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Proqramın xarici siyasətə həsr olunmuş bölməsində qeyd edilib ki, hökumət Azərbaycanla sülhü rəsmiləşdirmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji əlaqələri, həmçinin Rusiya ilə çoxtərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir.

Proqramda həmçinin "Mənəvi təhlükəsizlik" bölməsi də təqdim edilib, burada xarici qüvvələrin Erməni Aposton Kilsəsini hibrid müharibə alətinə çevirmək cəhdlərinin qarşısının alınmasının zəruriliyindən bəhs olunur. Proqram həmçinin bütün ermənilərin katolikosu II Qareginin istefasını nəzərdə tutan bölməni də özündə ehtiva edir.

Silahlı Qüvvələrə həsr olunmuş hissədə qeyd edilir ki, beynəlxalq missiyalarda iştirak istisna olmaqla, ordu Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda istifadə olunmayacaq. Peşəkar orduya keçid və Silahlı Qüvvələrin ehtiyatının gücləndirilməsi davam edəcək. Milli təhlükəsizlik sahəsində həmçinin ərzaq ehtiyatlarının genişləndirilməsi, onların şaxələndirilməsi və ayrı-ayrı tədarükçülərdən asılılığın azaldılması planlaşdırılır. Energetika sahəsində 2027-ci ilin sonuna qədər yeni atom elektrik stansiyası üçün texnologiyanın seçilməsi planlaşdırılır. Enerji mənbələrinin şaxələndirilməsi davam edəcək. 2040-cı ilə qədər günəş və külək elektrik stansiyalarının məcmu gücünün 2 min MVt-a, enerji toplama sistemlərinin gücünün isə ən azı 800 MVt-a çatdırılması planlaşdırılır.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər