ABŞ-nin İrana qarşı yeni strategiyası: Hərbi hücum əvəzinə iqtisadi təzyiq və dəniz blokadası
ABŞ-nin dövlət katibi Marko Rubio müttəfiq ölkələrin xarici işlər nazirlərinə Vaşinqtonun İrana qarşı strategiyasında hərbi hücumlar əvəzinə iqtisadi təzyiq və dəniz blokadasını ön plana çıxaracağını bildirib.
1news.az xəbər verir ki, bu barədə “Axios”a danışan ABŞ rəsmiləri məlumat verib.
ABŞ rəsmilərinin sözlərinə görə, Rubio son telefon danışığı zamanı müttəfiq ölkələrin həmkarlarına Prezident Donald Tramp administrasiyasının İrana qarşı hazırkı strategiyası barədə məlumat verib.
Rəsmilərdən biri bildirib ki, Rubio danışıqlar zamanı Vaşinqtonun “hazırkı mərhələdə” İrana qarşı yeni hava hücumları həyata keçirməyi nəzərdə tutmadığını deyib.
Onun sözlərinə görə, ABŞ bunun əvəzinə dəniz blokadası və ABŞ Maliyyə Nazirliyi tərəfindən elan edilən yeni sanksiyalar vasitəsilə Tehran üzərində iqtisadi təzyiqi artırmağa fokuslanacaq.
ABŞ-nin yeni hərbi əməliyyatlar planlaşdırmadığını Rubionun tərəfdaşlarına açıq şəkildə çatdırdığını vurğulayan amerikalı rəsmi qeyd edib ki, İranın ilk hücuma keçəcəyi təqdirdə hərbi cavab variantı gündəmdə qalacaq.
Hörmüz boğazında minaların təmizlənməsi “dönüş nöqtəsi” kimi qiymətləndirilib
Digər ABŞ rəsmisi isə ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında minaları təmizləməsini münaqişə prosesində dönüş nöqtəsi kimi qiymətləndirib.
Onun iddiasına görə, bu addımla İranın əlindəki ən mühüm təzyiq vasitələrindən biri böyük ölçüdə təsirsiz hala gətirilib.
ABŞ-nin İrana qarşı hərbi variantlar əvəzinə iqtisadi tədbirləri gündəmə gətirməsinin ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonraya qədər davam edə biləcəyi də irəli sürülüb.
ABŞ rəsmisinin sözlərinə görə, seçkilərdən sonra İrana qarşı hərbi əməliyyat variantı yenidən gündəmə gətirilə bilər.












