Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən "Papa mojet" sosislərində salmonella aşkar edildiyi iddia olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sözügedən məhsulu nəzarətə götürüb.
1news.az xəbər verir ki, yekun nəticə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, cari ilin ötən dövrü ərzində həyata keçirilən nəzarət tədbirləri zamanı "Ostankino" ət emalı müəssisəsindən idxal olunan məhsullarda, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib:
"Ət və ət məhsullarının idxalına yalnız həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilmiş müəssisələr olduğu təqdirdə icazə verilir. Bu məhsulların idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları təqdim etsin. Məhsullar idxal olunduqdan sonra onlar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir.
Fiziki nəzarət zamanı məhsullar laboratoriya tədqiqatlarına (sınaqlarına), habelə sadə fiziki-kimyəvi analizlərə cəlb olunmaqla təhlükəsizlik göstəriciləri, o cümlədən salmonella, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər baxımından yoxlanılır. Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ölkəyə idxal olunan və dövriyyədə olan məhsulları daim nəzarətdə saxlayır", - deyə cavabda qeyd edilib.












