Qala qoruğu əncirin sehrinə bürünüb – Abşeronda Əncir Festivalı keçirilib - FOTO
Abşeronun qədim əncirçilik ənənələri və zəngin mədəni irsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən Əncir Festivalında nümayiş etdirilib.
1news.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən festival yerli sakinlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tarixi Qala mühitində təşkil olunan tədbirdə əncir Abşeronun ləzzətli rəmzi olmaqla yanaşı, bölgənin mədəniyyəti, sənətkarlığı və həyat tərzini özündə birləşdirən dəyər kimi təqdim olunub.
Festival ərazisində xüsusi olaraq hazırlanmış “Əncirli fayton”, “Əncirin sehrli divarı” və saman konseptli fotozonalar ziyarətçilərin marağına səbəb olub. Qonaqlar burada xatirə şəkilləri çəkdiriblər.
Tədbir çərçivəsində böyüklər və uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Balaca ziyarətçilər “Tıq-tıq xanımın macəraları” kukla tamaşasını izləyib, “Öz əncirini boya” ustad dərsində iştirak ediblər.
Sənətkarlar meydanında və Sənətkarlar küçəsində xalçaçılıq sənəti nümayiş etdirilib. Dulusçu həyətində isə amuletlərin hazırlanması üzrə ustad dərsi keçirilib.
Festivalda “Abşeronun sarı xəzinəsi” adlı rəsm sərgisi və geyim dəfiləsi də təşkil olunub. “Əncir və qəhvə dənələri” adlı qədim falçılıq guşəsi isə iştirakçıların diqqətini çəkib.
Əncir dadlarının təqdimatı
Festivalın qastronomiya zonasında fəaliyyət göstərən “Əncir laboratoriyası”nda müxtəlif əncir dadlarının dequstasiyası keçirilib.
Ziyarətçilər “Qalanın əncir dadları ocağı”, “Ləzzət guşəsi” və “Çay və əncir məclisi”ndə təqdim olunan təamların dadına baxıblar. Həmçinin “Qala sakinlərinin əncir süfrəsi” və “Ənənəvi əncir bərəkəti süfrəsi” təqdim edilib.
Məhsul bazarında yerli təbii nemətlər nümayiş etdirilib. Festivalın musiqi proqramında isə musiqi triosunun ifası və DJ çıxışı tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş edib.
Əncir Festivalının keçirilməsində əsas məqsədlərdən biri Abşeronun təbii və mədəni irsinin tanıdılması, bölgənin qədim əncirçilik ənənələrinin yaşadılması və bu irsin gələcək nəsillərə ötürülməsinə diqqət çəkmək olub.
Festival Qala qoruğunda rəngarəng bayram ab-havası yaradaraq yekunlaşıb.




























