İstanbulun Silivri sahillərində iki türk bayraqlı gəmi toqquşub, 10 heyət üzvü itkin düşüb
İstanbulun Silivri ilçəsi sahillərinin 18 mil cənubunda Türkiyə bayraqlı iki kommersiya gəmisi toqquşub.
1news.az "TRT haber"-ə istinadən xəbər verir ki, hadisə saat 03:00 radələrində Kocaelidən Əliağaya doğru hərəkət edən “Alsu” adlı gəmi ilə İsgəndərun limanından Karadeniz Ereğliyə doğru üzən “Tuğberk İmamoğlu” adlı gəminin toqquşması nəticəsində baş verib.
İstanbul Valiliyindən verilən məlumata görə, hadisədən sonra əraziyə Sahil Təhlükəsizlik, Mərmərə və Boğazlar Sahil Təhlükəsizlik Komandanlığına məxsus çoxsaylı dəniz vasitələri, həmçinin sahil təhlükəsizlik helikopteri göndərilib.
İlkin yoxlama zamanı “Alsu” adlı gəmidə gözlə görünən hər hansı zədələnmənin olmadığı müəyyən edilib.
“Tuğberk İmamoğlu” adlı gəmi ilə yanaşı, onun göyərtəsində olan 10 heyət üzvü ilə də əlaqə yaratmaq mümkün olmayıb.
Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.












