Nə çek, nə də POS-terminal: 1news.az-ın müraciətindən sonra parkdakı qanunsuz attraksionlar söküldü – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nə çek, nə də POS-terminal: 1news.az-ın müraciətindən sonra parkdakı qanunsuz attraksionlar söküldü – FOTO

Faiqə Məmmədova12:55 - Bu gün
Nə çek, nə də POS-terminal: 1news.az-ın müraciətindən sonra parkdakı qanunsuz attraksionlar söküldü – FOTO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, “Aygün city” ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən uşaq attraksionlarının işi ilə bağlı 1news.az-a oxucu müraciət edib.

Qadın bildirib ki, bir neçə gün əvvəl işdən sonra azyaşlı oğlu ilə yaxınlıqda yerləşən parka gedib. Adi gəzinti isə xoşagəlməz insidentlə nəticələnib və ərazidə fəaliyyət göstərən attraksionların işinin təşkili ilə bağlı onda suallar yaradıb.

Oxucunun sözlərinə görə, insident uşaqlar üçün nəzərdə tutulan elektrik avtomobillərinin icarəsi zamanı baş verib.

“Qiyməti dəqiqləşdirənə qədər uşaq artıq maşına əyləşmişdi. İzdihamda onu gözdən itirməmək üçün hərəkətə davam edərək qiyməti soruşdum. Mənə dedilər ki, 10 dəqiqə 5 manatdır. Saata baxdım, təxminən saatın 21-ci dəqiqəsi idi. Cəmi iki dəqiqə sonra oğlum fikrini dəyişdi və başqa maşına keçmək istədi. Şiddətli baş ağrısı və özümü pis hiss etməyimə baxmayaraq, onu məyus etməmək qərarına gəldim. Digər attraksionda isə mənə başqa tarif deyildi – 5 dəqiqə 5 manat. Gəzinti başa çatdıqdan sonra ödəniş etmək üçün yaxınlaşdım”, – deyə qadın bildirib.

Lakin onun sözlərinə görə, ərazidə xidmət haqqını bank kartı ilə ödəməyin mümkün olmadığı məlum olub. İşçilərin POS-terminalı olmayıb. Kartdan karta pul köçürülməsi yolu ilə ödəniş də qəbul edilməyib.

Qadın əməkdaşa 5 manat nağd pul verərək övladı ilə birlikdə evə yollanıb. Lakin bir müddət sonra attraksionların əməkdaşlarından biri onların arxasınca gəlib.

“Mən arxamca kiminsə qaçdığını və “Xanım, dayanın!” deyə səsləndiyini eşitdim. Əvvəlcə elə düşündüm ki, nəyisə unutmuşuq. Lakin gənc oğlan guya ödəniş etmədən getdiyimi bildirdi. Etiraz etdim, çünki pulu artıq vermişdim. Bundan sonra mənə bildirdilər ki, birinci maşının ödənişi edilməyib. Nəticədə azyaşlı uşağımla birlikdə parkın içindən geri qayıtmağa məcbur oldum. Bu, olduqca xoşagəlməz vəziyyət idi – özümü sanki hamının qarşısında hansısa qayda pozuntusunda ittiham olunan şəxs kimi hiss etdim. Mübahisənin nəticə verməyəcəyini anlayaraq çekin təqdim olunmasını və xidmət haqqını kartla ödəmək imkanının yaradılmasını xahiş etdim. Lakin mənə çek verilmədi, əvəzində iki dəqiqə üçün 3 manat nağd pul aldılar”, – deyə oxucu iddia edib.

Onun sözlərinə görə, xidmətlərə görə ödənişlərin yalnız nağd şəkildə qəbul edilməsindən və ödənişi təsdiq edən hər hansı sənədin təqdim olunmamasından narazılığını bildirib.

“Burada sual yaranır: bu attraksionlar hansı əsasla fəaliyyət göstərir, ödənişlərin qəbulu necə rəsmiləşdirilir və əldə olunan gəlir uçota alınırmı? Əgər biz öz gəlirlərimizdən vergiləri vaxtında və düzgün ödəyiriksə, nə üçün müştəriyə adi çek təqdim edilə bilməz?” – deyə oxucu sual edib.

Oxucunun fikrincə, POS-terminalın və çeklərin olmaması attraksionların qanunsuz fəaliyyət göstərdiyini göstərir.

“Hörmətli redaksiya, xahiş edirəm araşdırasınız, bu “sahibkarlar” nə üçün vergi ödəmirlər?” – deyə oxucu müraciətində bildirib.

Oxucumuzun müraciətini dinlədikdən sonra 1news.az sözügedən obyektlərin qanuni fəaliyyət göstərib-göstərmədiyinə aydınlıq gətirmək məqsədilə Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi sorğu göndərib.

Sorğumuza cavab olaraq Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, ərazidə aparılan yoxlamalar zamanı qanunsuz fəaliyyət göstərən attraksionlar tamamilə sökülüb.

1news.az Sabunçu Rayon İcra Hakimiyyətinin redaksiyamıza təqdim etdiyi, qanunsuz fəaliyyət göstərən attraksionların ləğvindən sonra parkın ərazisinin görüntülərini oxuculara təqdim edir:

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər