Azərbaycanda “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı keçiriləcək
Yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər gücləndiriləcək.
1news.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq, sentyabrın 5-dən oktyabrın 5-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək.
Təhlükəsizlik aylığı çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.
Həmçinin onların hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraiti müayinə olunacaq, zəruri hallarda müvafiq yol nişanları quraşdırılacaq, nişanlanma xətləri çəkiləcək və ya yenilənəcək.
Bununla yanaşı, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə və təbliğat-təşviqat işinin daha da intensivləşdirilməsi planlaşdırılır.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi məqsədilə hər kəsi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməklə azyaşlılara şəxsi nümunə olmağa çağırıb.












