Bakıda avtobus problemi: 52 və 96 nömrəli marşrutları bir saata yaxın gözləyirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobus problemi: 52 və 96 nömrəli marşrutları bir saata yaxın gözləyirlər

First News Media10:44 - Bu gün
Bakıda avtobus problemi: 52 və 96 nömrəli marşrutları bir saata yaxın gözləyirlər

1news.az redaksiyasına paytaxtda ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı vətəndaş müraciətləri daxil olur.

Bu dəfə sərnişinlərin narazılığı 52 və 96 nömrəli avtobus marşrutları ilə bağlıdır.

Yeni dərs ilinin yaxınlaşması və metronun “Nizami”–“28 May” stansiyaları arasındakı sahədə təmir işlərinin aparılması fonunda yerüstü nəqliyyata düşən yük əhəmiyyətli dərəcədə artıb. Sərnişinlərin sözlərinə görə, avtobusların hərəkət intervalları isə dözülməz dərəcədə uzanıb.

“Avtobusları 45 dəqiqə, bəzən hətta bir saata yaxın gözləməli oluruq. Böyük gecikmə ilə gəlirlər və dayanacağa çatanda artıq tam dolu olurlar. İçəri minmək, demək olar ki, mümkün deyil”, – redaksiyaya müraciət edən oxuculardan biri bildirib.

Digər sərnişin isə hər səhər yaşadıqları çətinliyi daha emosional şəkildə ifadə edib:

“Səhərlər nə qədər çalışsan da, avtobusun salonuna minmək mümkün olmur. Nəticədə günəşin qızmar istisi və ya güclü yağış altında, artıq gecikdiyin halda, əlacsız şəkildə növbəti, yenə də dolu avtobusu gözləyirsən. Avtobus gələndə isə mübarizə başlayır – yer uğrunda deyil, kiminsə başının üstündə dayanmaq və ya kiminsə ayağının üstünə basaraq salona sığmaq uğrunda. Hər gün eyni vəziyyətdir. Səhər yolçuluğumuz rahatlıqla hind filmlərindən birinin səhnəsinə çevrilə bilər”.

Məsələni aydınlaşdırmaq və problemin həlli ilə bağlı hansı tədbirlərin görüləcəyini öyrənmək məqsədilə 1news.az redaksiyası sözügedən marşrutlara xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətinə rəsmi sorğu göndərib.

Şirkətdən redaksiyanın sorğusuna cavab olaraq bildirilib ki, xətlər üzrə hər gün müəyyən edilmiş sayda avtobus fəaliyyət göstərir.

“52 nömrəli müntəzəm marşrut üzrə 5, 96 nömrəli marşrut üzrə isə 6 avtobus sərnişinlərə xidmət göstərir. Hər iki marşrut üzrə normativ hərəkət intervalı 15–20 dəqiqə təşkil edir. Lakin bəzi hallarda yollardakı tıxaclar və nəqliyyatın hərəkət intensivliyi, eləcə də digər yol məhdudiyyətləri qrafikin pozulmasına və gecikmələrə səbəb olur. Bundan əlavə, qəza hadisələri və qəfil texniki nasazlıqlar da bəzən hərəkət intervalından kənara çıxmalara səbəb olur. Belə halların qarşısını maksimum dərəcədə almağa çalışırıq”, – şirkətdən bildirilib.

Beləliklə, paytaxt sakinlərinin hər səhər üzləşdiyi “avtobusa sığmaq” problemi hələ də gündəmdədir. Sərnişinlərin əsas gözləntisi isə marşrutlar üzrə açıqlanan 15–20 dəqiqəlik hərəkət intervalının real həyatda da təmin olunmasıdır.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər