Paşinyan: Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistan üçün həyati əhəmiyyət daşımır
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin məzmununun yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu bildirib.
1news.az xəbər verir ki, Paşinyan bunu sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvəsi çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra deyib.
Onun sözlərinə görə, görüş müsbət keçib və tərəflər yaxın zamanda Moskvada yenidən görüşmək barədə razılığa gəliblər. Paşinyan bildirib ki, danışıqlarda Ermənistan-Rusiya münasibətlərinin praktiki məzmunu, iki ölkənin ortaq və fərqli mövqeləri müzakirə olunub.
Ermənistan Baş naziri yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı Rusiyanın təklifinə də toxunub. O qeyd edib ki, İrəvan məsələyə geosiyasi deyil, qiymət və keyfiyyət baxımından yanaşır.
“Bizə kim ən yaxşı təklifi təqdim edərsə, onun təklifinin ardınca gedəcəyik”, - Paşinyan deyib.
Paşinyan Rusiya tərəfindən idarə olunan Ermənistan dəmir yollarının vəziyyətinin də görüşdə müzakirə edildiyini bildirib. O, mövcud vəziyyətin davamlı olmadığını və problemin həlli ilə bağlı qarşılıqlı anlaşmanın yarandığını qeyd edib.
“Rusiyanın hərbi bazası bizim üçün həyati əhəmiyyət daşımır”
Paşinyan Gümrüdə yerləşən Rusiya hərbi bazasının taleyinin Putinlə görüşdə müzakirə olunmadığını deyib.
“Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, buna etiraz etmərik. Lakin qalmaq istədiklərini bildirsələr, bunu da müzakirə etməyə hazırıq”, - Ermənistan Baş naziri bildirib.
Qeyd edək ki, Vladimir Putin də daha əvvəl Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı açıqlamasında Ermənistanın həmin hərbi infrastruktura ehtiyac duymadığı qənaətinə gələcəyi təqdirdə Rusiyanın bazanı “hətta sabah” tərk edə biləcəyini bildirmişdi.












