“Kayu” bağçasında uşağın bədənində göyərmələr, diqqətsizlik: Valideynin ittihamlarına rəhbərlikdən CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kayu” bağçasında uşağın bədənində göyərmələr, diqqətsizlik: Valideynin ittihamlarına rəhbərlikdən CAVAB

Oksana Orucova10:48 - Bu gün
“Kayu” bağçasında uşağın bədənində göyərmələr, diqqətsizlik:  Valideynin ittihamlarına rəhbərlikdən CAVAB

Son dövrlər valideynlərin övladlarını yerləşdirdikləri uşaq bağçaları ilə bağlı müxtəlif narazılıqları gündəmə gətirməsi diqqət çəkir.

Bu narazılıqlar arasında uşaqların fiziki zorakılığa məruz qalması ilə bağlı iddialar da yer alır.

Məktəbəqədər təhsil dövrü uşaqların inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Bu mərhələdə uşaqların sosiallaşması, ünsiyyət bacarıqlarının formalaşması və öyrənmə prosesinin ilkin əsasları qoyulur. Bu baxımdan məktəbəqədər müəssisələrdə uşaqlar üçün təhlükəsiz və sağlam mühitin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

1news.az xəbər verir ki, “Kayu” uşaq bağçasına övladını yerləşdirən Elnur Əliyev adlı şəxs sosial şəbəkə hesabında paylaşım edərək uşağının bağçada fiziki zorakılığa məruz qaldığını iddia edib. O, paylaşımında uşağının bədəninin ayrı-ayrı nahiyələrində göyərmələr olduğunu, sonuncu dəfə isə alnında şişkinlik və göyərmə müşahidə etdiyini bildirib.

Valideynin sözlərinə görə, bağça rəhbərliyi əvvəlki hallarda uşağın müxtəlif nahiyələrində yaranan göyərmələri onun yıxılması ilə əlaqələndirib. O, bir dəfə uşağın bədənində çimdik izlərinə bənzər izlər gördüyünü və bu səbəbdən şübhələndiyini qeyd edib.

Elnur Əliyev həmçinin iddia edib ki, uşağın alnındakı sonuncu göyərmə ilə bağlı bağça əməkdaşlarından izahat istəyərkən ona “Gedin, hara istəyirsiniz, şikayət edin” cavabı verilib:

"3 ay yayı bağçaya qoymadım. Dünən tətilindən sonra ilk gün yenə “Kayu” bağçaya apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı göm-göydür və şişib. Soruşuram ki, “Bu nədir, ilk gündən yenə uşağın alnı göyərib? Artıq sizdən şikayət edəcəm"-, dedim. Və o məşhur sözü dedilər: “Gedin, hara istəyirsiz şikayət edin".

Valideyn paylaşımında daha ciddi iddia da irəli sürüb. Onun sözlərinə görə, uşaq bağçadan götürüldükdən sonra boynuna qədər nəcis içində olub və səhərdən etibarən istifadə etdiyi uşaq bezinin uzun müddət dəyişdirilmədiyini müşahidə edib. O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirib və bağçanın fəaliyyətinin araşdırılmasını tələb edib.

Bağça rəhbərliyi iddiaları rədd edir.

Məsələ ilə bağlı “Kayu” uşaq bağçasının rəhbəri Aytən Hüseynovaya müraciət etdik.

Bağça rəhbəri uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı iddiaları qəbul etməyib. Onun sözlərinə görə, müəssisədə uşaqlara qarşı zorakılıq halı baş verməyib və bağçanın bütün otaqları müşahidə kameraları ilə təchiz olunub.

Aytən Hüseynova bildirib ki, uşağın alnındakı şişkinlik onun stula dəyərək yıxılması nəticəsində yaranıb və həmin hadisəyə dair videogörüntülər valideynə təqdim olunub.

Rəhbərin sözlərinə görə, bundan əvvəl də uşağın çanaq nahiyəsində göyərmə ilə bağlı valideyn tərəfindən narahatlıq ifadə edilib. O qeyd edib ki, uşaqların aktiv olması səbəbindən oyun zamanı və gündəlik hərəkətlər nəticəsində bədənin müxtəlif nahiyələrində xırda göyərmələrin yaranması mümkündür:

"Bir müddət əvvəl uşağın çanaq nahiyəsində göyərmə olması ilə bağlı da valideyn tərəfindən narahatlıq ifadə edilmişdi. Uşaqlar aktiv olduqları üçün oturarkən, qalxarkən və oyun zamanı müxtəlif nahiyələrində kiçik göyərmələr yarana bilər. Lakin müəssisəmizdə bütün otaqlar kameralarla nəzarətdədir. Uşağa qarşı hər hansı təzyiq və ya zorakılıq halı baş versəydi, bunun valideyn tərəfindən də ciddi şəkildə gündəmə gətiriləcəyini düşünürəm".

Aytən Hüseynova valideynlərin narahatlığını başa düşdüyünü də vurğulayıb:

“Valideynlərin övladlarına həssas yanaşmasını anlayıram. Xüsusilə uzun müddət gözlənildikdən sonra dünyaya gələn ilk övladla bağlı valideynlərin daha narahat və diqqətli olması təbiidir. Bu yanaşmanı qınamıram”.

Bağça rəhbəri həmçinin bildirib ki, valideynlərlə əvvəl də müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları yaşanıb. Onun sözlərinə görə, uşaq bağçaya yeni başladığı dövrdə hər hansı əl işinin hazırlanmasında iştirak etməməsi ilə bağlı valideynlər narazılıqlarını bildiriblər. Rəhbərlik isə narazılıq davam edərsə, uşağın başqa müəssisəyə aparılmasının mümkün olduğunu qeyd edib:

"Bundan əvvəl uşaq bağçaya yeni qoyulan ərəfələrdə, hansısa əl işinin hazırlanmasında iştirak etməməsi ilə bağlı valideynlər narazılıqlarını bildirmişdilər. Biz o zaman da qeyd etmişdik ki, əgər müəssisənin fəaliyyəti ilə bağlı ciddi narazılıqları varsa, uşağı başqa bağçaya yönləndirə bilərlər. Lakin onlar fəaliyyətimizi davam etdirmək istədiklərini bildiriblər.

Bizim üçün əsas məsələ uşaqların təhlükəsizliyi, inkişafı və vaxtlarını səmərəli keçirməsidir. Heç bir sağlam düşüncəli və peşəkar müəssisə uşağın təhlükəsizliyinə xələl gətirəcək hər hansı addım atmaz. Biz də rəhbərlik olaraq uşaqların hər dəqiqəsinin faydalı və maraqlı keçməsi üçün çalışırıq".

Aytən Hüseynova uşağın hazırda da bağçaya davam etməsinin valideynlərin müəssisəyə müəyyən səviyyədə etimad göstərdiyini düşündürdüyünü bildirib.

“Bizim üçün əsas məsələ uşaqların təhlükəsizliyi, inkişafı və vaxtlarını səmərəli keçirməsidir. Heç bir peşəkar müəssisə uşağın təhlükəsizliyinə xələl gətirəcək hər hansı addım atmaz. Rəhbərlik olaraq uşaqların vaxtlarını həm faydalı, həm də maraqlı keçirmələri üçün çalışırıq”, - deyə o bildirib.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər