Muxtar Babayev: Bakı beynəlxalq iqlim ictimaiyyətini bir araya gətirən platformaya çevrilib
“Üç il əvvəl Bakı İqlim Fəaliyyəti Həftəsinə start verərkən qarşıya aydın məqsəd qoymuşduq: burada yaradılan iqlim impulsu COP29-dan sonra da davam etməlidir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) və “Baku Climate Action Week 2026” çərçivəsində çıxışı zamanı deyib.
“Bu il Bakı həmçinin Avropa və Mərkəzi Asiya ölkələri üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Həftəsinə ev sahibliyi etməkdən qürur duyur. Bununla da rəsmi beynəlxalq danışıqlar prosesi ilə geniş iqlim ictimaiyyətini bir şəhərdə bir araya gətiririk. Bakıda İqlim Həftəsinin təşkilində sıx əməkdaşlığa və səmərəli fəaliyyətə görə Azərbaycan Xarici İşlər Nazirliyinə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə minnətdarıq”, – deyə M.Babayev vurğulayıb.
Muxtar Babayevin sözlərinə görə, ümumilikdə bu iki platforma cari həftə ərzində Bakıda təxminən 2 500 iştirakçını bir araya gətirib.
O qeyd edib ki, tədbirlərin paralel keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın iqlim siyasətində ardıcıllığı və COP29-un yaratdığı impulsun danışıqlardan icraya, öhdəliklərdən praktiki fəaliyyətə keçid istiqamətində davam etdirilməsinə sadiqliyi əks etdirir.
“Buna görə biz məhz burada toplaşmışıq və bu həftə ərzində birlikdə məhz buna nail olmaq istəyirik”, – deyə o əlavə edib.
Foto: Nadir İbrahimli











