Fatma Varanq: Bakı COP29-un mirası Antalyada COP31-ə gedən yolda möhkəm təməl yaradıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fatma Varanq: Bakı COP29-un mirası Antalyada COP31-ə gedən yolda möhkəm təməl yaradıb

Faiqə Məmmədova11:27 - Bu gün
Fatma Varanq: Bakı COP29-un mirası Antalyada COP31-ə gedən yolda möhkəm təməl yaradıb

“Bakının iqlim gündəliyinə töhfəsi yalnız bir konfransla məhdudlaşmayıb. Məhz COP29-da 2035-ci ilədək illik ən azı 300 milyard ABŞ dolları həcmində yeni iqlim maliyyələşdirməsi hədəfi qəbul edilib”.

1news.az xəbər verir ki, bunu COP31-in baş direktoru, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varanq Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) və “Baku Climate Action Week 2026” çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, Bakı Yol Xəritəsi əsasında hər il 1,3 trilyon ABŞ dolları həcmində vəsaitin cəlb edilməsinə dair hədəf müəyyənləşdirilib.

“Eyni zamanda, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarının fəaliyyət qaydaları təsdiqləndi. Bu miras COP31-ə gedən yolda möhkəm təməl yaradıb”, - deyə F.Varanq qeyd edib.

COP31-in baş direktoru vurğulayıb ki, iyul ayında Şamaxıda keçirilən yüksək səviyyəli görüş müxtəlif ölkələrin danışıqlar qruplarını eyni masa arxasında bir araya gətirib və etimadın gücləndirilməsinə töhfə verib.

“Bu həftə Bakıda həmin körpünün növbəti dayağını qururuq. Bu əməkdaşlığa görə Azərbaycana səmimi təşəkkürümü bildirirəm. COP31-in missiyası tamamilə aydındır: bəyanatları konkret nəticələrə, layihələrə və investisiyalara çevirmək. Məhz buna görə biz COP31-i “icra körpüsü” kimi xarakterizə etmişik”, - deyə F.Varanq bildirib.

O əlavə edib ki, iyun ayında Bonnda COP31-in 10 əsas iqlim mövzusundan ibarət fəaliyyət proqramı təqdim olunub.

Proqrama aşağıdakı istiqamətlər daxildir:

  • Təmiz enerjiyə keçid;

  • Tullantıların sıfır səviyyəsinə nail olunması (“Zero Waste”);

  • İqlim dəyişmələrinə davamlı şəhərlər;

  • “Yaşıl” sənayeləşmə;

  • “Yaşıl” bacarıqlar və təhsil;

  • Ərzaq təhlükəsizliyi;

  • Okeanlar və dənizlər;

  • Dinamik və dayanıqlı səhiyyə sistemləri;

  • Bioenerji;

  • İqlim üzrə “icra körpüsü”.

Foto: Nadir İbrahimli

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər