Nazir: Zəngəzur dəhlizi Mərkəzi Asiya-Azərbaycan-Türkiyə enerji körpüsünə çevriləcək | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Zəngəzur dəhlizi Mərkəzi Asiya-Azərbaycan-Türkiyə enerji körpüsünə çevriləcək

Qafar Ağayev13:21 - Bu gün
Nazir: Zəngəzur dəhlizi Mərkəzi Asiya-Azərbaycan-Türkiyə enerji körpüsünə çevriləcək

“Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısının yaradılması üzrə işlər davam etdirilir”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ilkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 giqavat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda optimal bağlantı və maliyyələşdirmə modeli üzrə müzakirələr davam edir.

P.Şahbazov qeyd edib ki, Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın vahid elektrik enerjisi sisteminə qoşulması layihənin daha geniş regional perspektivini formalaşdırır.

“Bu istiqamətdə Cəbrayılda zəruri enerji infrastrukturu yaradılıb. 1000 meqavat ötürmə qabiliyyətinə malik 330 kilovoltluq Cəbrayıl-Ağbənd yüksək gərginlikli elektrik ötürmə xəttinin tikintisi isə yekunlaşmaq üzrədir”.

O əlavə edib ki, növbəti mərhələdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə elektrik bağlantısının yaradılması nəzərdə tutulur.

Nazirin sözlərinə görə, bu layihə yalnız Azərbaycan və Türkiyə arasında yeni elektrik xəttinin yaradılması ilə məhdudlaşmır. Zəngəzur dəhlizi vasitəsilə layihənin Xəzərin hər iki sahilində yerləşən türk dövlətlərinin enerji sistemlərini birləşdirərək Mərkəzi Asiya-Azərbaycan-Türkiyə enerji körpüsünə çevrilməsi nəzərdə tutulur.

 

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər