Bakı PISA-da riyaziyyat üzrə 29-cu oldu | 1news.az | Xəbərlər
Siyasət

Bakı PISA-da riyaziyyat üzrə 29-cu oldu

Qafar Ağayev12:04 - Bu gün
Bakı PISA-da riyaziyyat üzrə 29-cu oldu

“Bakı şəhərinin PISA-da riyaziyyat üzrə 465 bal toplaması təhsilimiz üçün çox yaxşı nəticədir”

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Nazir PISA bal şkalasının mahiyyətinə toxunaraq bildirib ki, bu göstəricilər şagirdlərin nəticələrini müxtəlif illər və ölkələr üzrə müqayisə etməyə imkan verir.

E.Əmrullayev qeyd edib ki, PISA qiymətləndirməsində 500 bal şərti orta göstərici kimi müəyyənləşdirilib. 

Onun sözlərinə görə, konkret balın mahiyyəti yalnız rəqəmlə deyil, həmin nəticənin beynəlxalq şkala üzrə hansı göstəricini ifadə etməsi ilə müəyyən olunur.

“Kiməsə deyəndə ki, bu uşaq 497 bal toplayıb, bizim cavabımız olmalıdır ki, həmin uşaq bu balı göstərib. Riyaziyyatdan 497 bal o deməkdir ki, bu nəticə 2003-cü ildə İƏİT ölkələrində müəyyən edilmiş orta göstərici ilə müqayisə olunur. 500 balın da məhz belə bir mənası var”, - deyə nazir bildirib.

Nazir Bakı üzrə nəticələrə də diqqət çəkib. O bildirib ki, paytaxtın riyaziyyat üzrə göstəricisi 465 bal təşkil edib.

E.Əmrullayevin sözlərinə görə, 81 ölkə və regionun iştirak etdiyi qiymətləndirmədə Bakı riyaziyyat üzrə 29-cu, Azərbaycan isə 49-cu yerdə qərarlaşıb.

“Bakı şəhərinin riyaziyyat göstəricisi 465 baldır. Məncə, bu, təhsilimiz üçün çox yaxşı nəticədir. Bakı şəhəri bütövlükdə bəzi inkişaf etmiş ölkələrlə müqayisədə riyaziyyat nəticələrində daha yüksək göstəriciyə malikdir”, - deyə elm və təhsil naziri qeyd edib.
 

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər