Gündüz İsmayılov: Azərbaycanda yüzlərlə tarixi-dini abidə bu gün də təyinatı üzrə fəaliyyət göstərir
“Ölkəmizdə yüzlərlə tarixi-dini abidə var ki, bu gün də təyinatı üzrə fəaliyyət göstərir”.
1news.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, 2026-cı il Prezidentin sərəncamı ilə Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib və bu il çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir:
“Ölkəmizdə fəaliyyət göstərən yüzlərlə tarixi-dini abidənin qorunması, eyni zamanda onların təmiri və bərpası, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı məsələləri müzakirə edirik. Hər bir tarixi-dini abidənin özünün ayrı bir hekayəsi, zəngin tarixi var. Həmin hekayələr bu gün cəmiyyətimiz, dindarlarımız üçün çox önəmlidir və keçmişdən nəticə çıxarmağımız baxımından mühüm əhəmiyyət daşıyır”.
Gündüz İsmayılov qeyd edib ki, konfransda tarixi-dini abidələrin qorunmasında dini icmaların, din xadimlərinin və dindarların rolu və imkanları da müzakirə olunur:
“Bu istiqamətdə fəaliyyətimizi, təbii ki, Mədəniyyət Nazirliyi ilə koordinasiya edirik. Bu koordinasiyanı daha da gücləndirmək istəyirik. Ölkəmizdəki tarixi-dini abidələrin böyük əksəriyyəti dünya, ölkə və yerli əhəmiyyətli tarixi-dini abidələrdir. Bunların bir qismi artıq təmir olunub”.
Komitə sədrinin müavini bildirib ki, zəngin tarixə və özünəməxsus xüsusiyyətlərə malik məscid, kilsə və sinaqoqların qorunması xüsusi əhəmiyyət daşıyır:
“Bakıdakı Təzəpir məscidini, Bibiheybət, Əcəmbəy məscidlərini, eyni zamanda Şamaxı Cümə məscidini, Gəncə İmamzadəsini xüsusi qeyd etmək istəyirəm. Bununla yanaşı, tarixi kilsələrimiz var. Mən burada Alban kilsələrini xüsusi qeyd etmək istəyirəm. Rus pravoslav kilsələri, eyni zamanda sinaqoqlarımız var. Bu sinaqoqlar Bakı ilə yanaşı, Oğuzda, Qubada, Qırmızı Qəsəbədə fəaliyyət göstərirlər”.
O vurğulayıb ki, tarixi-dini abidələrin qorunması və bərpası prosesində dini icmaların və din xadimlərinin rolu konfransın əsas müzakirə mövzularından biridir:
“İştirakçılar əsasən din xadimləri, dini icma üzvləri, dindarlar, eyni zamanda bu sahədə, mədəniyyət sahəsində, tarixi-dini abidələrin, ümumiyyətlə, mədəni abidələrin qorunması sahəsində mütəxəssislərdir. Ümid edirik ki, bizim bu konfransımız və burada müzakirə edəcəyimiz məsələlər Azərbaycan xalqının zəngin mədəniyyətinin nümunəsi olan tarixi-dini abidələrimizin qorunub saxlanılmasında yeni bir mərhələnin başlanğıcı olacaq”.
Gündüz İsmayılov işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələrin bərpasına da xüsusi diqqət yetirib:
“Bu istiqamətdə xüsusilə işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələrimizin bərpasını qeyd etmək istəyirəm. Bilirsiniz ki, cənab Prezidentin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə ilk təmir olunan tarixi-dini abidələr məhz məscidlərdir. Bu da təsadüfi deyil. Çünki tarixi-dini abidələr ibadət evi və tarixi abidə olmaqla yanaşı, həm də Azərbaycan xalqının mənəvi və tarixi yaddaşını özündə əks etdirir”.
“Bu tarixi-dini abidələr bizim üçün, Azərbaycan xalqına məxsus məzhəblərarası birliyi, dinlərarası dialoqu, multikultural dəyərləri təbliğ etmək baxımından da önəmlidir”, - deyə o əlavə edib.












