İsrail ordusu Livanın cənubuna zərbələr endirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

İsrail ordusu Livanın cənubuna zərbələr endirdi

First News Media12:41 - Bu gün
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi

İsrail ordusu Livanla əldə olunan atəşkəsi pozaraq ölkənin cənubundakı yaşayış məntəqələrinə hava və artilleriya zərbələri endirib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail ordusunun Beraşit qəsəbəsinin Əl-Abdunnəbi məhəlləsinə endirdiyi zərbə nəticəsində güclü partlayış baş verib.

İsrail aviasiyası səhər saatlarında Sur şəhərinə bağlı Mənsuri qəsəbəsini bombalayıb. İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) isə Yuxarı Nəbatiyyə ilə Mifədun qəsəbələri arasındakı ərazini hədəfə alıb.

İsrail artilleriyası gecə və səhər saatlarında Mənsuri qəsəbəsinə, Zıbkin qəsəbəsi yaxınlığındakı vadilərə, Mifədun ilə Şərqi Zavtar qəsəbələri arasındakı əraziyə və Suluki vadisinə atəş açıb.

Mifədun qəsəbəsində ümumi istifadədə olan ərazidə yerləşən günəş panellərinin artilleriya atəşinə tutulması nəticəsində yanğın baş verib.

Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail hərbçiləri Beraşit və Beyt Yahun qəsəbələrini pulemyotlardan atəşə tutub. Həmçinin gecə saatlarında Beraşitin Əl-Abdunnəbi məhəlləsində genişmiqyaslı partlayış törədilib.

Livanla İsrail arasında atəşkəs

İsrail ordusu martın 2-də Livana intensiv hava zərbələri endirməyə başlayıb və ölkənin cənubundakı onlarla yaşayış məntəqəsini işğal edib. Livan hökuməti hücumlar fonunda ölkə daxilində məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs daha sonra bir neçə dəfə uzadılıb.

Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin martın 2-dən etibarən Livana həyata keçirdiyi hücumlar nəticəsində azı 4 386 nəfər həyatını itirib.

Vaşinqtonda İsrail və Livan arasında aparılan birbaşa danışıqların beşinci turundan sonra iyunun 26-da iki ölkə arasında çərçivə sazişi də imzalanıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər