Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi - FOTO
Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində tpe şirkətinin təşkilatçılığı ilə “Qeyri-maddi kapital birbaşa xarici investisiyaların hərəkətverici qüvvəsi kimi: yerli ekspertiza inkişaf etməkdə olan bazarların yeni valyutasıdır” mövzusunda panel müzakirəsi keçirilib.
Müzakirədə SOCAR, AZPROMO, PÖRNER, KPMG Azərbaycan və Caspian Business Hub-un nümayəndələri iştirak ediblər.
İştirakçılar xarici investisiyaların ayrı-ayrı layihələrin maliyyələşdirilməsi vasitəsindən yerli kompetensiyaların formalaşdırılması, sənaye kooperasiyasının gücləndirilməsi və yeni ixrac imkanlarının yaradılması alətinə necə çevrilə biləcəyini müzakirə ediblər. Burada yalnız kapitalın həcmi deyil, həm də onun texnologiyaların transferi, mühəndis kompetensiyalarının inkişafı, yerli təchizat zəncirlərinin qurulması, beynəlxalq standartların tətbiqi və ixracın genişlənməsi kimi uzunmüddətli təsir yaratmaq qabiliyyəti mühüm əhəmiyyət daşıyır.
Mərkəzi Asiyanı, Xəzər regionunu, Azərbaycanı, Gürcüstanı, Türkiyəni və Avropanı birləşdirən Orta Dəhlizin inkişafı fonunda sənaye kooperasiyası, logistika, istehsal və ixrac sahələrində yeni imkanlar yaranır. Lakin tranzit potensialı özlüyündə sənaye üzrə əlavə dəyərin formalaşmasına zəmanət vermir. Əsas məsələ investisiyaları uzunmüddətli kompetensiyalara və yerli istehsal zəncirlərinə çevirmək bacarığıdır.
Sənaye obyektlərinin layihələndirilməsi və tikintisi sahəsində 30 illik təcrübəyə malik tpe şirkətinin icraçı direktoru Rüstəm İsmayılov bildirib ki, güclü iqtisadiyyat hər növbəti layihənin əvvəlki təcrübəyə söykəndiyi mühitdə formalaşır. Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra yalnız obyektlər deyil, həm də insanlar, metodlar, proseslər və peşəkar mədəniyyət qalmalıdır ki, növbəti layihələr daha sürətli və daha yüksək keyfiyyətlə həyata keçirilsin.
“Vacib olan odur ki, yeni bilik fərdi deyil, sistem xarakteri daşısın. Hər bir layihədə bacarıqların bir neçə güclü mütəxəssisdə cəmlənməsi riski var. Lakin onlar ayrıldıqda sistem əvvəlki vəziyyətinə qayıdır. Əsl kompetensiya transferi təlimdən sonra deyil, komandanın düzgün qərarları müstəqil qəbul etməyə başladığı anda baş verir”, – deyə o vurğulayıb.
Onun fikrincə, rəqəmsal sistemlər, texnoloji həllər və beynəlxalq standartlar mühüm əhəmiyyət daşısa da, əsas rolu təcrübə oynayır. Bu təcrübə əvvəlkini əvəz etməməli, onu inkişaf etdirərək və tamamlayaraq toplanmış kompetensiyalara çevrilməlidir.
Hazırda Azərbaycan investisiya gündəliyini yenidən formalaşdırır: birbaşa xarici investisiyaların cəlbindən diqqət kapitalın, texnologiyaların və yerli ekspertizanın vəhdətinə əsaslanan regional inkişaf ekosisteminin yaradılmasına yönəlir.
Caspian Business Hub-un rəhbəri Nərmin Cəfərova Xəzər regionunun əsas çatışmazlıqlarından birinin maraqlı tərəfləri qısa müddətdə işlək layihə ətrafında birləşdirmək bacarığının zəif olması olduğunu bildirib. Onun sözlərinə görə, məhz burada CBH-nin iqtisadi funksiyası üzə çıxır: hər bir tərəfin məntiqini anlayan və investisiya imkanları ətrafında düzgün iştirakçı konfiqurasiyasını formalaşdıran vahid koordinasiya mərkəzi kimi.
“Qlobal məqsədimiz rezident şirkətlərin sayını artırmaq deyil, əməkdaşlıq infrastrukturunu formalaşdırmaqdır. Biz koordinasiya xərclərini elə səviyyəyə endirmək istəyirik ki, şirkətlər mürəkkəb transsərhəd layihələri təkbaşına deyil, birlikdə həyata keçirməyə daha çox üstünlük versinlər. Bu halda Caspian Business Hub sadəcə biznes platforması deyil, Xəzər regionunun yeni investisiya infrastrukturunun ayrılmaz hissəsinə çevriləcək”, – deyə o bildirib.
Müzakirələr göstərdi ki, investisiya gündəliyi artıq “nə qədər kapital cəlb olunub?” sualından “bu kapital ölkə daxilində hansı uzunmüddətli dəyəri yaradır?” sualına doğru dəyişir. Yerli biliklər, mühəndis kompetensiyaları, texnoloji təcrübə və mürəkkəb layihələr ətrafında tərəfləri bir araya gətirmək bacarığı maliyyə kapitalı qədər əhəmiyyətli resursa çevrilir. İnkişaf etməkdə olan bazarlar üçün bilikləri və beynəlxalq kapitalı dayanıqlı yerli kompetensiyalara çevirmək bacarığı sənaye inkişafının növbəti mərhələsinin əsas amillərindən biri ola bilər.

















