ABŞ-də 1 sentin istehsalına son verilməsi gözlənilir
ABŞ Konqresi 230 ildən artıqdır istehsal olunan 1 sentlik sikkələrin buraxılışına son qoyulmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
1news.az Bloomberg HT-yə istinadən xəbər verir ki, Senatda keçirilən səsvermə zamanı 1 sentlik sikkələrin istehsalının rəsmi olaraq dayandırılmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib.
Konqresdən keçən sənəd təsdiq üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq. Tramp qanun layihəsini imzalayacağı təqdirdə, ABŞ-da 230 ildən artıqdır davam edən 1 sentlik sikkələrin istehsalına hüquqi olaraq son qoyulacaq.
Qeyd edək ki, ABŞ Zərbxanası 2025-ci ilin noyabrında dövriyyə üçün 1 sentlik sikkələrin istehsalını artıq dayandırıb. Zərbxana həmin vaxt dövriyyəyə buraxılacaq son 1 sentlik sikkənin zərb edildiyini açıqlamışdı.
ABŞ Zərbxanasının açıqlamasında bildirilib ki, ölkənin tələbatını qarşılamaq üçün 1 sentlik sikkələrin istehsalına artıq ehtiyac yoxdur. Qərarın qəbul edilməsində sikkənin istehsal xərclərinin artmasının da rol oynadığı qeyd olunub.
Belə ki, 1 sentlik sikkənin istehsalının maya dəyəri son 10 ildə 1,42 sentdən 3,69 sentə yüksəlib.
1 sentlik sikkələrin istehsalının dayandırılması nəticəsində ABŞ-ın ildə təxminən 56 milyon dollar qənaət edəcəyi gözlənilir.











