Nyu-Yorkda İran-ABŞ danışıqları: Tehran nə təklif edir? | 1news.az | Xəbərlər
Dünya

Nyu-Yorkda İran-ABŞ danışıqları: Tehran nə təklif edir?

Qafar Ağayev09:34 - Bu gün
Nyu-Yorkda İran-ABŞ danışıqları: Tehran nə təklif edir?

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ administrasiyası ilə Tehran arasında Nyu-Yorkda keçirilən danışıqlara rəhbərlik edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Arakçi İranın münaqişənin sülh yolu ilə həlli ilə bağlı təklifinə ABŞ-dan bu gün cavab gözlədiklərini bildirib.

BMT Baş Assambleyasının iclasları başa çatsa da, İran nümayəndə heyəti Nyu-Yorku tərk etməyib. İran tərəfi burada ABŞ rəsmiləri ilə Qətərin vasitəçiliyi ilə görüşlər keçirib. Danışıqlara İranın xarici işlər naziri Abbas Arakçi rəhbərlik edib.

Müzakirələrin dəqiq nə vaxt başladığı açıqlanmasa da, ABŞ mediasında danışıqların bir neçə gündür davam etdiyi və qarşıdakı günlərdə də davam edəcəyi bildirilib.

Arakçi İranın dövlət xəbər agentliyinə açıqlamasında Qətərli vasitəçilərlə görüşdüklərini deyib.

“ABŞ-a İranın müharibəni başa çatdırmaq üçün təqdim etdiyi təklifləri müzakirə etdik. Əgər ABŞ sülh yolu ilə həll istəyirsə, İran artıq bunu təklif edir”, - deyə o bildirib.

Arakçi dini lider Müctəba Xameneinin Hörmüz boğazının açılması ilə bağlı müəyyən etdiyi şərtlərin də ABŞ tərəfinə çatdırıldığını söyləyib.

Bu şərtlər ABŞ-nin blokadanı aradan qaldırması, hərbi əməliyyatları dayandırması və dondurulmuş İran aktivlərini azad etməsi kimi açıqlanıb.

Tramp: İran müharibəsini tezliklə qazanacağıq

ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı müharibənin tezliklə başa çatacağını bildirib.

“İran müharibəsini tezliklə qazanacağıq, benzin qiymətləri düşəcək”, - deyə Tramp qeyd edib.

Bundan əvvəl ABŞ-nin “Axios” xəbər saytı Tramp administrasiyasının dondurulmuş İran aktivlərinin azad edilməsi və sanksiyaların yumşaldılması müqabilində Tehrandan nüvə proqramını dayandırmasını tələb etdiyini yazıb.

Tramp isə “İrana sanksiyaları ləğv etməyi təklif etməmişəm” deyərək bu məlumatı təkzib edib.

“Axios”un danışıqlardan məlumatlı ABŞ rəsmisinə istinadən yaydığı xəbərdə görüşlərin yaxşı keçdiyi bildirilib. Bununla belə, həmin rəsminin sözlərinə görə, ABŞ bu dəfə İranın ciddi niyyətli olduğuna və yalnız düşdüyü çətin vəziyyətdən çıxmağa çalışmadığına dair təminat almaq istəyir.

Danışıqlardan məlumatlı digər bir ABŞ rəsmisi isə “Reuters”ə bildirib ki, görüşlər zamanı İranın BMT Baş Assambleyasının iclasları çərçivəsində təqdim etdiyi yeddi günlük təklifin dəyişdirilmiş versiyasına diqqət yetiriləcək.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər