400 manat maaşa 15 saatlıq iş: “Sevimli Dad” iş elanında hansı qayda pozuntuları var? - Vəklldən AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Mövqe

400 manat maaşa 15 saatlıq iş: “Sevimli Dad” iş elanında hansı qayda pozuntuları var? - Vəklldən AÇIQLAMA - FOTO

Ayşən Salehli12:57 - Bu gün
400 manat maaşa 15 saatlıq iş: “Sevimli Dad” iş elanında hansı qayda pozuntuları var? - Vəklldən AÇIQLAMA - FOTO

Sumqayıtda “Sevimli Dad” mağazasının kassir vakansiyası üçün yayımladığı iş elanı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Sevimli Dad” mağazasının (M&T LTD) vakansiyasında kassir üçün iş qrafiki 08:00-dan 23:00-dək, növbəli rejimdə – 1 gün iş, 1 gün istirahət formasında göstərilib. Əməkhaqqının isə 400 manat olduğu qeyd edilib. Elanda işçilərə gündəlik yemək xərclərinin qarşılanacağı və karyera inkişafı imkanının təqdim ediləcəyi də bildirilib.

Elanın 15 saatlıq iş qrafiki və 400 manat əməkhaqqı ilə bağlı hissəsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Şərhlərdə iş rejiminin uzunluğu və belə qrafiklə çalışan şəxsin istirahətinə, ailəsinə və şəxsi həyatına ayıracağı vaxtla bağlı narazılıqlar ifadə olunub. Mövzu digər media resurslarında da gündəmə gətirilib.

Məsələ ilə bağlı əsas müzakirə mövzusu isə 15 saatlıq iş qrafikinin əmək qanunvericiliyinin tələbləri ilə necə uzlaşdığı və bu rejimə görə təklif olunan əməkhaqqının əmək şəraiti baxımından nə dərəcədə əsaslandırıldığıdır.

Qeyd edək ki, “Sevimli Dad”ın daha əvvəl yayımlanmış vakansiyalarında fərqli iş qrafikləri də yer alıb. Məsələn, şirkətin digər kassir vakansiyalarından birində 16:00–23:00 iş saatları və həftədə bir istirahət günü göstərilib.

Hazırkı elanda isə məhz 08:00–23:00 iş qrafiki və 400 manat əməkhaqqı sosial şəbəkə istifadəçilərinin əsas etiraz etdiyi məqamlar kimi diqqət çəkir.

 

Aşağı əməkhaqqı qarşılığında bu qədər uzun iş saatlarının tələb edilməsi istismar hesab olunurmu? İnsanların işə olan ehtiyacından sui-istifadə edən işəgötürənləri hansı hüquqi məsuliyyət gözləyir?

Məsələ ilə bağlı 1news.az-a Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru, professor Mayis Əliyev açıqlama verib.

Vəkil bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən normal iş vaxtının müddəti gündə 8, həftədə isə 40 saatdan artıq olmamalıdır.

“Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən, iş vaxtının müddəti gündə 8 saatdan, həftədə isə 40 saatdan artıq ola bilməz. Bu tələb Əmək Məcəlləsinin 189 və 190-cı maddələrində normal iş vaxtı ilə bağlı müddəalarla təsbit olunub.

8 saatdan artıq iş yalnız iş vaxtının cəmlənmiş uçotu tətbiq edilən müəssisələrdə və qanunvericilikdə nəzərdə tutulan hallarda mümkün ola bilər. Digər müəssisələrdə isə normal iş vaxtının müddəti gündə 8, həftədə 40 saatdan artıq müəyyən edilə bilməz”, – deyə M. Əliyev qeyd edib.

Vəkil belə vakansiyaların monitorinq edilməsinin vacibliyini də vurğulayıb.

“Bu cür elanlara mən özüm də tez-tez rast gəlirəm. Təbii ki, bu elanların bir qismi əmək qanunvericiliyinin tələblərinə zidd şərtlərlə təqdim olunur. Hesab edirəm ki, belə vakansiyalarla bağlı monitorinq aparılmalıdır. Hansı müəssisələrin bu cür elanlar yerləşdirdiyi müəyyən edilməli və əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlər barəsində müvafiq tədbirlər görülməlidir.

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bununla bağlı qanunvericilikdə sanksiyalar nəzərdə tutulub. İş vaxtı və istirahət vaxtı rejiminə riayət edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən 500 manatdan 1000 manatadək cərimə tətbiq edilə bilər”, - deyə Mayis Əliyev bildirib.

Son söz:

İş elanının ən maraqlı hissəsi 15 saatlıq iş rejimi deyil, bu rejimin “karyera” ilə bəzədilməsidir. 400 manatlıq maaşa 15 saat işləyirsənsə, görünür, karyera qurmaq üçün ilk növbədə günün 24 saatından 15 saatını şirkətə qurban verməlisən. Qalan 9 saat isə yol, yemək və yuxuya gedir. Bəs şəxsi həyat? Ailə və dostlarla vaxt keçirmək? Mənəvi  ehtiyaclar? Bir sözlə, bəs yaşamaq? Deyəsən, sadalananlar vakansiyanın tələbləri sırasında yoxdur. Bu mənzərə qarşısında isə sadəcə Mirzə Ələkbər Sabirin fəhləyə ünvanladığı misralar yada düşür:

Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Hümmət demirım, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Müəlliflər: Ayşən Salehli, Oksana Orucova

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər