Bərdənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından 6 il ötür
Bərdənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından 6 il ötür.
1news.az xəbər verir ki, 2020-ci il oktyabrın 5-də, Vətən müharibəsinin ilk günlərində Ermənistan silahlı qüvvələri Bərdə şəhərinə raket zərbələri endirib.
Atəş nəticəsində şəhərin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmilərinin qəlpələri düşüb. Hadisə zamanı 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də rayonun müxtəlif silahlardan, raketlərdən və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanların 2-si uşaq, 8-i qadın, 19-u isə kişi olub.
Həmin gün Ermənistan silahlı qüvvələri Gəncə şəhərini də raket atəşinə tutub. Səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə atılan raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” adlandırılan əraziyə və Mərkəzi bazara düşüb.
Nəticədə 3 mülki şəxs yaralanıb, şəhərin mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.
Vətən müharibəsi zamanı Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində olmaqla, ümumilikdə 5 dəfə raket və ağır artilleriya atəşinə məruz qalıb. Bu hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəyib.
2020-ci il oktyabrın 5-də Beyləqan şəhəri də Ermənistan silahlı qüvvələrinin raket hücumuna məruz qalıb. Şəhərə atılan 2 raketdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
Həmin gün Bərdə, Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl və Tərtər rayonları da atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi bu hücumlar nəticəsində mülki şəxslər arasında çoxsaylı itkilər baş verib və yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan dəyib.
Ümumilikdə Vətən müharibəsi dövründə Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları ballistik raketlər və ağır artilleriya vasitələrindən atəşə tutub.
Həmin hücumlar nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 nəfər yaralanıb. Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Baş vermiş hadisələrlə bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanıb.












