23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
23 Çin Xalq Respublikası vətəndaşı Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 2026–2027-ci tədris ilində Azərbaycanda təhsil alacaq.
1news.az xəbər verir ki, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 23 Çin vətəndaşı Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.
Təhsil proqramları təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, eləcə də texniki və texnoloji ixtisas istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, Hökumətlərarası Təqaüd Proqramları ölkələr arasında akademik mobilliyin genişləndirilməsinə, beynəlxalq təhsil və elmi təcrübə imkanlarının artırılmasına, həmçinin ali təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edir.











