Almaniyada hərbi xidmətdən vicdani imtina edənlərin sayı 12 mini keçib
Almaniyada hərbi xidmətə vicdani etiraz edənlərin sayı kəskin artıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Federal Ailə İşləri və Vətəndaş Cəmiyyəti İdarəsinin (BAFzA) məlumatına görə, 2026-cı ilin ilk 8 ayında 12 min 102 nəfər hərbi xidmətdən imtina ilə bağlı müraciət edib.
Bu rəqəm 2025-ci ilin bütün ili ərzində qeydə alınan 3 min 879 müraciətdən üç dəfədən çoxdur. Artımın davam edəcəyi təqdirdə, il ərzində müraciətlərin sayının 20 mini keçəcəyi gözlənilir.
Mütəxəssislər artımın əsas səbəbləri kimi 1 yanvar 2026-cı ildə qüvvəyə minən yeni hərbi xidmət qanununu, Rusiya-Ukrayna müharibəsi fonunda artan gərginliyi və Almaniyanın NATO çərçivəsində hərbi öhdəliklərinin genişlənməsini göstərirlər.
Almaniyada hərbi xidmət hazırda könüllüdür. Hökumət 2035-ci ilə qədər Bundesverdəki hərbçilərin sayını 260 minə, daha sonra isə NATO tələblərinə uyğun olaraq 460 minə çatdırmağı planlaşdırır.
Könüllü xidmətə marağın gözlənilən səviyyədə olmaması isə ölkədə məcburi hərbi xidmətin bərpası ilə bağlı müzakirələri gücləndirib. Son həftələrdə bir sıra şəhərlərdə buna qarşı etiraz aksiyaları keçirilib.












