Mövlud Çavuşoğlu: İtkinlərin taleyinin müəyyənləşdirilməsi dayanıqlı sülhə töhfə verə bilər
“İtkin düşmüş şəxslər probleminin həlli Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin olunmasına töhfə verə bilər”.
1news.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
Onun sözlərinə görə, itkin düşmüş şəxslər məsələsi hər şeydən əvvəl humanitar aspektdən nəzərdən keçirilməli və maksimum dərəcədə depolitizasiya edilməlidir.
M.Çavuşoğlu bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində bu problemin həlli xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və uzunmüddətli sülh üçün möhkəm sosial təməlin yaradılmasına kömək edə bilər.
O, itkin düşmüş şəxslərlə bağlı hüquqi və institusional mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Sabiq nazir məhkəmə ekspertizası, axtarış və eyniləşdirmə imkanlarının inkişaf etdirilməsinin, eləcə də səmərəli məlumat mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.
M.Çavuşoğlu əlavə edib ki, sülh danışıqları və sazişləri hərbi əməliyyatlara son qoya bilər, lakin dayanıqlı sülhün təmin edilməsi üçün tərəflər arasında barışığın əldə olunması da vacibdir.












