IMF-dən dünya iqtisadiyyatı ilə bağlı kritik xəbərdarlıq: üç əsas təhlükə</p> | 1news.az | Xəbərlər
Dünya

IMF-dən dünya iqtisadiyyatı ilə bağlı kritik xəbərdarlıq: üç əsas təhlükə

Qafar Ağayev13:40 - Bu gün
IMF-dən dünya iqtisadiyyatı ilə bağlı kritik xəbərdarlıq: üç əsas təhlükə</p>

Dünya iqtisadiyyatı süni intellekt, enerji qiymətləri və artan dövlət borcları fonunda böyük qeyri-müəyyənlik və sürətli dəyişiklik dövründən keçir.

1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) baş direktoru Kristalina Georgiyeva Taylandda keçiriləcək IMF-Dünya Bankının İllik Toplantıları ərəfəsində Sinqapurda çıxışı zamanı deyib.

Georgiyeva çıxışında qlobal iqtisadiyyata təzyiq göstərən üç əsas amilə – süni intellektin yaratdığı disbalanslara, yüksək enerji qiymətlərinə və rekord dövlət borclarına diqqət çəkib.

O bildirib ki, qlobal iqtisadiyyatın aşağı artım tempini yüksəltmək üçün təcili siyasət addımlarının atılması zəruridir.

IMF rəhbərinin sözlərinə görə, qlobal dövlət borcunun ümumi daxili məhsulun (ÜDM) 100 faizini keçəcəyi gözlənilir. O, hökumətləri təcili şəkildə büdcə intizamını təmin etməyə və süni intellektin yaratdığı dəyişikliklərə hazırlaşmağa çağırıb.

Georgiyeva qeyd edib ki, qlobal iqtisadiyyat bir tərəfdən Yaxın Şərqdəki münaqişələrin yaratdığı mənfi enerji təchizatı şoku, digər tərəfdən isə inflyasiyanı da artıran süni intellektlə bağlı müsbət tələb şoku ilə üzləşir.

“Bu iki qüvvənin birləşmiş təsiri dünya üzrə olduqca qeyri-bərabər bölüşdürülür”, – IMF rəhbəri deyib.

O, süni intellekt sahəsindəki inkişafın bir çox ölkədən yan keçdiyini və bunun qlobal iqtisadi bərabərsizliyi daha da dərinləşdirdiyini vurğulayıb.

Georgiyeva bildirib ki, Banqkokda açıqlanacaq yeni IMF artım proqnozlarında ən böyük aşağı istiqamətli düzəlişlər müharibədən zərər çəkmiş iqtisadiyyatlarla bağlı olacaq.

Onun sözlərinə görə, bu ölkələr arasında mülki və iqtisadi infrastrukturu ciddi zərər görmüş Ukrayna, eləcə də İranın hücumlarından təsirlənən və enerji ixracı kəskin azalan Körfəz ölkələri var.

IMF rəhbəri qeyd edib ki, sözügedən proqnozlar Hörmüz Boğazının yenidən açılacağı fərziyyəsi əsasında hazırlanıb.

O, neftin bir barelinin qiymətinin 100 dollar səviyyəsində qaldığını, emal güclərinin çatışmazlığının isə dizel kimi məhsullarda əlavə 100 dollarlıq marja yaratdığını bildirib.

“Körfəzdəki müharibə sabah bitsə belə, yüksək enerji qiymətləri problemi bir müddət də həyatımızda qalacaq”, – Georgiyeva vurğulayıb.

Artan borc yükü

Georgiyeva yüksək enerji qiymətlərinin inflyasiyanı, əsas faiz dərəcələrini və istiqraz gəlirlərini artırdığını bildirib.

O qeyd edib ki, ABŞ, Almaniya və Yaponiyada 10 illik dövlət istiqrazlarının gəlirliliyi tarixi yüksək səviyyələrdədir.

IMF rəhbəri ABŞ-ın başçılıq etdiyi inkişaf etmiş iqtisadiyyatları borc yükü baxımından “ən pis göstəricilərə malik ölkələr” kimi xarakterizə edib və pul siyasəti üzərindəki təzyiqi azaltmağa imkan verəcək etibarlı büdcə intizamı planlarının çatışmadığını bildirib.

Georgiyeva inflyasiya təzyiqlərinin süni intellektə yatırımlar, müdafiə xərcləri və yüksək borc xidmətləri xərcləri ilə daha da artdığını deyib.

O, dünya ölkələrinin iqtisadi qərar qəbul edən şəxslərinə çağırış edərək bildirib:

“Lazımi siyasət addımlarının atılmasını daha çox gecikdirə bilmərik. Lazımi alətlər sizin əlinizdədir, indi isə onlardan istifadə etmək müdrikliyinə sahib olun. Uğur qazanmaq üçün büdcə intizamının nə üçün zəruri olduğunu ictimaiyyətə izah etmək, ən həssas təbəqələri qoruyan planlar hazırlamaq və tamamlayıcı struktur islahatlarını davam etdirmək lazımdır. Bəli, artım təkbaşına maliyyə problemlərini həll edə bilməz, lakin artım, şübhəsiz ki, buna kömək edir”.

Süni intellekt qlobal iqtisadiyyata ASEAN böyüklüyündə töhfə verə bilər

IMF rəhbəri süni intellektə qoyulan investisiyaların ÜDM-dəki payının dəmir yolları və ya elektrik şəbəkələrinə yatırılan investisiyaların payını ötəcəyini bildirib.

Onun sözlərinə görə, süni intellekt düzgün şəkildə inkişaf etdirildiyi və tətbiq olunduğu halda qlobal məhsuldarlığa əhəmiyyətli töhfə verə bilər.

“IMF-in araşdırmaları göstərir ki, süni intellekt düzgün tətbiq olunarsa, zamanla qlobal artıma hər il əlavə 0,5 faiz bəndi töhfə verə bilər. Bir düşünün, artımın 3 faizdən 3,5 faizə yüksəlməsi 10 il ərzində dünya iqtisadiyyatına ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) böyüklüyündə iqtisadiyyat əlavə etmək deməkdir”, – Georgiyeva deyib.

O vurğulayıb ki, rəqəmsal infrastrukturun inkişafı, əmək bazarının yeni reallıqlara hazırlanması və hüquqi tənzimləmə çərçivəsinin formalaşdırılması süni intellektə hazırlığın əsas elementləridir.

Georgiyeva bildirib ki, bu addımlar süni intellektin imkanlarından yararlanmağa və onun yaratdığı riskləri idarə etməyə imkan verəcək.

IMF rəhbəri süni intellektin yaratdığı imkanlarla yanaşı, kütləvi iş yerlərinin itirilməsi və kibertəhlükəsizlik riskləri kimi təhdidlərin də olduğunu diqqətə çatdırıb.

O, Sinqapurun IMF-in süni intellektə hazırlıq indeksində ilk sırada yer aldığını bildirərək, ölkənin bu sahədəki liderliyini yüksək qiymətləndirib.

Georgiyeva əlavə edib ki, hökumətlər büdcə imkanlarını qorumaqla yanaşı, işçi qüvvəsinin bacarıqlarının artırılmasına, şirkətlərin bazara daxil olmasını və bazardan çıxmasını asanlaşdırmağa, enerji təhlükəsizliyini gücləndirməyə və bürokratiyanı azaltmağa yönəlmiş struktur islahatlarını da sürətlə həyata keçirməlidirlər.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər