Tramp Rusiyada yayılan xəstəliklə bağlı Putinlə danışacaq | 1news.az | Xəbərlər
Dünya

Tramp Rusiyada yayılan xəstəliklə bağlı Putinlə danışacaq

1news Redaksiyası14:52 - Bu gün
Tramp Rusiyada yayılan xəstəliklə bağlı Putinlə danışacaq

ABŞ Prezidenti Donald Tramp Rusiyada qeydə alınan mümkün epidemiya ilə bağlı vəziyyətin bioloji silahdan qaynaqlandığını düşünmədiklərini bildirib.

1news.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən danışıb.

Ondan Rusiyada ortaya çıxan epidemiya şübhəsinin bioloji silahla əlaqəli olub-olmadığı soruşulub.

“Biz belə düşünmürük. Tezliklə öyrənəcəyik, amma bizim fikrimizcə, belə deyil”, - Tramp bildirib.

Rusiya rəsmilərinin vəziyyətin nəzarət altında olduğunu açıqladıqlarını xatırladan ABŞ Prezidenti deyib ki, ümid edir, ölkədəki sistem kifayət qədər təkmil və effektivdir.

“Ümid edirik ki, bu, çox inkişaf etmiş, çox ağıllı bir sistemdir və onlar da vəziyyətin tamamilə nəzarət altında olduğunu deyirlər. Buna görə də ümid edirik ki, belə deyil”, - Tramp qeyd edib.

Tramp COVID-19 pandemiyasının başlanğıcını xatırladıb

COVID-19 pandemiyasının başlanğıcındakı vəziyyətə bənzər bir hissin yaranıb-yaranmadığı barədə suala cavab verən Tramp bildirib ki, həm Çin, həm də Rusiya belə proseslər zamanı ictimaiyyətə çox məlumat verməyib və vəziyyətin nəzarət altında olduğunu bəyan edib.

Putinlə telefon danışığı olacaq

Rusiyada epidemiya şübhəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə nə vaxt danışacağı barədə suala cavab verən Tramp bu gün telefon danışığının planlaşdırıldığını bildirib.

“Bu gün üçün telefon danışığımız planlaşdırılıb. Bu gün Putinin doğum günüdür”, - ABŞ Prezidenti deyib.

Qeyd edək ki, Tramp bir gün əvvəl də Putinlə yaxın vaxtlarda telefon danışığı aparacağını açıqlamışdı.

Rusiyada epidemiya şübhəsi

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev oktyabrın 2-də bölgə sakinlərindən birində “xüsusilə təhlükəli infeksiya” şübhəsinin olması barədə məlumatlar daxil olduqdan sonra fövqəladə sanitariya və epidemiya ilə mübarizə komissiyasının iclasının keçirildiyini açıqlamışdı.

Həmin gün bəzi sosial şəbəkə kanallarında taunla mübarizə institutunun əməkdaşlarından birinin “ağciyər taunu” səbəbindən vəfat etdiyi iddia olunmuşdu.

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) isə Sibir və Uzaq Şərq Taunla Mübarizə İnstitutunun əməkdaşlarından birinə səbəbi müəyyənləşdirilməyən pnevmoniya diaqnozu qoyulduqdan sonra xüsusi tədbirlərin həyata keçirildiyini bildirmişdi.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər