Firəngiz Əlizadə: Vahid məktəbli forması uşaqları birləşdirəcək və bullinqin aradan qaldırılmasına kömək edəcək | 1news.az | Xəbərlər
Mövqe

Firəngiz Əlizadə: Vahid məktəbli forması uşaqları birləşdirəcək və bullinqin aradan qaldırılmasına kömək edəcək

Faiqə Məmmədova11:43 - Bu gün
Firəngiz Əlizadə: Vahid məktəbli forması uşaqları birləşdirəcək və bullinqin aradan qaldırılmasına kömək edəcək

“Düşünürəm ki, məktəblərdə vahid məktəbli forması ilə bağlı qərar, çox yaxşı yenilikdir”.

Bu fikirləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə vahid məktəbli formasının tətbiqi ilə bağlı 1news.az-a açıqlamasında bildirib.

“Çünki uşaqlar valideynlərinin maddi imkanlarına və zövqünə görə fərqlənməməlidirlər. Onlar vahid forma geyinməli, birlik hissini yaşamalı, konkret məktəbdə və sinifdə təhsil aldıqları ilə fəxr etməlidirlər. Onları müəllimlərinin birləşdirdiyi vahid cəmiyyətin üzvləri kimi görmək lazımdır”.

O qeyd edib ki, 1950-ci illərdə də şagirdlər məktəbli forması geyinirdilər və həmin dövrdə nə valideynlər, nə də uşaqlar tərəfindən bu məsələ ilə bağlı hər hansı narazılıq və etiraz səsləndirilirdi.

“Düşünürəm ki, vahid məktəbli forması şagirdləri intizamlı olmağa təşviq edəcək və onları birləşdirəcək”, – deyə F.Əlizadə əlavə edib.

Fərəngiz Əlizadə fərqli məktəbli geyimlərinin bəzən uşaqlar arasında bullinqə səbəb olması məsələsinə də toxunub. O, bunun çox xoşagəlməz hal olduğunu vurğulayıb.

“Təəssüf ki, bu gün belə hallar təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir. Ancaq düşünürəm ki, Azərbaycanda bu çətinliklərin öhdəsindən gələcəyik. Çünki ümumilikdə cəmiyyətimiz sağlamdır, biz qələbə ruhu ilə yaşayır, həyata nikbin baxırıq. Bu cür xoşagəlməz hallar tədricən cəmiyyətimizdən və məktəblərimizin həyatından uzaqlaşmalıdır. Buna çox ümid edirəm.

Düşünürəm ki, vahid məktəbli formasının tətbiqi, uşaqlar arasında, müəllimlərlə şagirdlər arasında, eləcə də valideynlərlə məktəb arasında sağlam münasibətlərin qurulması bu problemlərin tədricən aradan qaldırılmasına kömək edəcək”, – deyə o fikirlərini yekunlaşdırıb.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər