Şahbaz Musayev: “Müəllim təkcə biliyi ilə deyil, geyimi ilə də nümunə olmalıdır”
“Ümumtəhsil məsələlərində həm şagirdlərin, həm də müəllimlərin geyimi ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərar hesab edirəm ki, bizim cəmiyyətimizin çox böyük sayılı üzvləri tərəfindən razılıq hissi ilə qarşılandı”.
Bu fikri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev 1news.az-a verdiyi açıqlamasında bildirib.
“Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi qruplar ya bilərək, ya da bilməyərək insanların müəyyən təbəqələrini bu qərarla bağlı çaşdırmağa yönəlik hərəkətlərə yol verirlər. Hesab edirəm ki, bu, kifayət qədər yanlış addımdır və yol verilməzdir.
Nazirlər Kabinetinin qəbul etdiyi qərar beynəlxalq təcrübəyə, hüquq normallarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Qərar məktəblərdə şagirdlər arasında sağlam, sosial və mənəvi mühitin möhkəmlənməsinə gətirib çıxaracaq. Ona görə də belə bir mühitin formalaşması həm də keyfiyyətli təhsil və təlim-tərbiyə deməkdir. Vahid formanın qəbulu şagird kontingenti arasında sosial və maddi fərqləri tamamilə aradan qaldırır və çox xoşagələn bir harmoniya yaradır. Unutmayaq ki, bizim bu gün orta məktəbdə təhsil alan şagirdlərimiz sabahın müxtəlif peşə sahibləri, deyək ki, oğlanları da Azərbaycanın əsgərləri olacaq. Ona görə də onların elə bir mühitdə tərbiyə, təlim və təhsil almalarını biz təşkil eləməliyik ki, onlar həmişə həmrəy olsunlar və belə deyək ki, bizim istədiyimiz nəsil kimi formalaşsınlar və yetişsinlər. Bu baxımdan bir daha təkrar edirəm ki, mən o qərarı ürəkdən alqışlayıram”.
O əlavə edib ki, təhsil verənlərin, yəni müəllimlərin ciddi işgüzar geyimi də çox vacib məsələlərdən biridir.
“Çünki müəllim əslində nümunədir. Hər birimiz uşaq və məktəbli olmuşuq. Etiraf edək ki, biz daha çox müəllimlərimizə oxşamaq istəmişik. Ona görə də müəllim təkcə biliyi ilə deyil, eyni zamanda geyimi ilə də nümunə olmalıdır. Gənc nəslin təlim-tərbiyəsində müəllimin geyimi çox əhəmiyyət kəsb edən faktorlardandır. Ona görə də toya-bayramda, məclislərdə əyninə geyindiyi paltarla onların sinif otaqlarına, auditoriyalara gəlməsi düzgün olmazdı. Əlbəttə ki, burada Nazirlər Kabinetinin bu məlum qərarından da başqa mənalar axtarmağa dəyməz. Amma təəssüf ki, bəzən başqa mənalar axtarmağa çalışır, insan hüquqlarının pozulmasından dəm vurur, inanclara qarşı çıxılmadan bəhs edirlər. Əlbəttə ki, bütün bunların hamısı yalandır, sadəcə olaraq cəmiyyəti çaşdırmağa yönəlik cəhdlərdir. Bu cür düşünənlər yanılırlar. Ən normal, ən layiqli seçimi həmişə Azərbaycan cəmiyyəti özü edib, bundan sonra da edəcək. Mən bütün təhsil alanlarımıza və təhsil verənlərimizə uğurlar arzulayıram”.












