NİİİM-dən motosiklet və skuter sürücülərinə xəbərdarlıq: Qaydaları pozmaq ağır nəticələrə səbəb ola bilər
Motosiklet və skuter sürücülərinin yol hərəkəti qaydalarını pozması təhlükəli vəziyyətlərə və yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd olunub ki, paytaxt yollarında motosiklet və skuter idarə edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozur, svetoforun qırmızı işığında hərəkəti davam etdirir və təhlükəli manevrlər edirlər.
Vurğulanıb ki, iki təkərli nəqliyyat vasitələrini idarə etmək heç kimə qaydaları pozmaq, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq və məsuliyyətdən yayınmaq hüququ vermir. Belə pozuntuların ağır nəticələrə səbəb ola biləcəyi sürücülərin diqqətinə çatdırılıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qayda pozuntularının müşahidə kameraları vasitəsilə qeydə alındığı iki yol-nəqliyyat hadisəsinin görüntülərini təqdim edərək motosiklet və skuter sürücülərini həmin hadisələrdən nəticə çıxarmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.












