“Təmiz hava” aylığı başladı – BDYPİ sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.
1news.az xəbər verir ki, tədbirin əsas məqsədi atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısını almaqla yanaşı, sürücülər və sərnişin, eləcə də yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər arasında maarifləndirmə işləri aparmaqdır.
Aylıq çərçivəsində nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirici söhbətlərin aparılması nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə sürücüləri və nəqliyyat vasitələrindən istifadə edən fiziki və hüquqi şəxsləri avtomobilləri texniki cəhətdən saz vəziyyətdə saxlamağa çağırıb.
İdarə, həmçinin bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratdığını bir daha sürücülərin diqqətinə çatdırıb.












