İxtisara düşənlərə sığorta ödənişi: Şərtlər açıqlanıb

Azərbaycanda işini ixtisar və ya müəssisənin ləğvi səbəbindən itirən şəxslər bəzi sığorta məhsulları üzrə ödəniş ala bilərlər.
1news.az xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov “Sığorta sektorunun maliyyə dayanıqlığında rolu” təlimində deyib.
Onun sözlərinə görə, həyat sığortası insan həyatı ilə bağlı riskləri, qeyri-həyat sığortası isə kreditlərin sığortası və işsizlik kimi riskləri əhatə edən məhsulları da özündə birləşdirir.
R. Cəfərov bildirib ki, bəzi sığorta məhsulları işçinin ixtisara düşməsi və ya əmək qabiliyyətini itirməsi nəticəsində yaranan maliyyə risklərini qarşılaya bilər. Lakin ödənişin verilməsi müqavilənin şərtlərindən və işdən çıxarılmanın əsasından asılıdır.
“İşdən çıxarılmanın hansı maddə ilə baş verməsi vacibdir. Məsələn, ixtisar və ya müəssisənin ləğvi ilə əlaqədar işin itirilməsi sığorta təminatı çərçivəsində nəzərə alına bilər. İşçinin öz ərizəsi ilə işdən ayrılması isə təminata daxil edilməyə bilər”, - deyə o qeyd edib.
Şöbə rəisinin sözlərinə görə, sığorta şirkətləri məhsulların şərtlərini müəyyənləşdirərkən risklərini və onları qarşılamaq imkanlarını nəzərə alırlar. Buna görə də ödənişin hansı hallarda verilməsi konkret sığorta məhsulunun şərtləri ilə müəyyən olunur.
O əlavə edib ki, hazırda Azərbaycanda qeyri-həyat sığortası çərçivəsində bu cür məhsullar təqdim edən bir-iki şirkət fəaliyyət göstərir. Vətəndaşlara müqavilə bağlamazdan əvvəl sığorta təminatının əhatə dairəsini və istisnaları diqqətlə araşdırmaq tövsiyə olunur.












