Xətai rayonunda cinayətkar birlik yaratmaqda ittiham olunan 11 nəfər həbs edilib - ADLAR - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai rayonunda cinayətkar birlik yaratmaqda ittiham olunan 11 nəfər həbs edilib - ADLAR - VİDEO

Qafar Ağayev09:32 - Bu gün
Xətai rayonunda cinayətkar birlik yaratmaqda ittiham olunan 11 nəfər həbs edilib - ADLAR - VİDEO

Bakının Xətai rayonunda restoranlardan birində 43 yaşlı kişinin bıçaq xəsarətləri alaraq öldürülməsi ilə bağlı cinayət işi üzrə 11 nəfər saxlanılaraq həbs edilib.

1news.az xəbər verir ki, oktyabrın 23-də saat 00:10 radələrində Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri nəticəsində qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən edilən, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, həmçinin Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

İstintaqla müəyyən edilib ki, qeyd olunan şəxslər cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirib, mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olublar. Onların kriminal araşdırmalar aparmaq, hədə-qorxu ilə pul tələb etmək, cinayətkar dairələrdə nüfuz qazanmaq, eləcə də tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri bildirilir.

Həmin şəxslərin odlu və soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmağı da nəzərdə tutan cinayətkar fəaliyyətlə məşğul olduqları qeyd olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. Hazırda hadisənin bütün hallarının, saxlanılan şəxslərin hər birinin cinayətdə iştirakının, habelə cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər