Antonio Tayani: Azərbaycan İtaliya üçün mühüm investisiya və ixrac bazarıdır | 1news.az | Xəbərlər
Siyasət

Antonio Tayani: Azərbaycan İtaliya üçün mühüm investisiya və ixrac bazarıdır

Qafar Ağayev14:35 - Bu gün
Antonio Tayani: Azərbaycan İtaliya üçün mühüm investisiya və ixrac bazarıdır

İtaliya Azərbaycanla iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək, eləcə də ölkəmizdə fəaliyyət göstərən şirkətlərinin iştirakını artırmaq niyyətindədir.

1news.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və İtaliya arasında keçirilən yüksək səviyyəli görüşlər, biznes forum və imzalanan sazişlər ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyur.

Nazir qeyd edib ki, tərəflər sənaye ölkələrinin rəqabət qabiliyyəti baxımından mühüm əhəmiyyət daşıyan xammal sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər.

"Biz hər iki ölkə üçün investisiyaların qarşılıqlı olmasının nə qədər vacib olduğunu vurğuladıq. İtaliya Azərbaycana, Azərbaycan isə İtaliyaya investisiya yatırmalıdır. Ölkəmizə sərmayə qoyan Azərbaycan şirkətlərinə təşəkkür etmək istəyirəm. Xüsusilə İtaliyanın 'IP' şirkətini əldə edən SOCAR-ı qeyd etmək istərdim. Bu, iki ölkənin bir-birinin ehtiyaclarını anlamaq və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq istəyinin konkret göstəricisidir".

A.Tayani İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. O, Azərbaycanın İtaliya məhsulları üçün mühüm bazar olduğunu bildirib.

"İki böyük bazarımız Avropa və ABŞ olsa da, inkişaf etmək istəyiriksə, İtaliya məhsullarına böyük rəğbət və marağın olduğu digər bazarlara da baxmalıyıq. Bu bazarlardan biri Azərbaycandır. Buna görə də bu ölkəyə həm siyasi, həm də iqtisadi baxımdan investisiya yatırmaq qərarına gəlmişik. Bugünkü biznes forum göstərir ki, maraq təkcə hökumət səviyyəsində deyil, həm də İtaliya şirkətləri tərəfindən mövcuddur. Onlar bir çox sahələrdə Azərbaycanda iştirak etmək istəyirlər".

İtaliya XİN rəhbəri xüsusilə dizayn, mebel və interyer sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

O, İtaliyanın ağac və mebel sektorunun nüfuzlu tədbirlərindən biri olan "Salone del Mobile" sərgisinin rəhbərinin biznes forumda iştirakını da yüksək qiymətləndirib.

A.Tayani enerji və nəqliyyat sahələrində əməkdaşlığın əhəmiyyətindən də danışıb.

"Biz enerji sahəsində baş verən proseslərə, xüsusilə Cənub Qaz Dəhlizinə böyük diqqət yetiririk. Bu dəhliz artıq 17 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə xidmət göstərir. İtaliyada Azərbaycanla birgə həyata keçirilən əməkdaşlıq ölkəmizin və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verilməsinin konkret nümunəsidir. Bununla yanaşı, sualtı elektrik kabelləri və dəmir yolu layihələri də diqqət mərkəzimizdədir. Azərbaycanda bu istiqamətlərdə böyük layihələr həyata keçirilir. Biz dost ölkənin inkişafının növbəti mərhələsində iştirak etməyə hazırıq".

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər